Bakı. Şamil Əlibəyli - APA. Ukraynanın Makeyevka şəhərin Qornyatskiy rayon məhkəməsində Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Donetsk vilayət şöbəsinin rəhbəri, biznesmen İqbal Mahmudovun qətli ilə bağlı növbəti iclas keçirilib.
APA-nın məlumatına görə, iclasda ittiham aktı elan edilib. İttiham aktına əsasən, 2011-ci ildə təqsirləndirilən şəxs Zahid Əhmədov İqbal Mahmudovu azərbaycanlıların maraqlarını müdafiə etməməkdə və səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham edib və buna görə də onların arasında münaqişə yaranıb. İqbal Mahmudovu öldürməyi qərara alan Z.Əhmədov 2012-ci ilin aprelində Bakıda istintaq təcridxanasında saxlanılarkən tanış olduğu Denis Qritsay, Cavid Ağalarov və Denis Denisovla əlbir olaraq qətl planını cızmağa başlayıb. Onlar müəyyən ediblər ki, 2012-ci il mayın 9-da Makeyevka şəhərinin “Azərbaycanlılar konqresi” ictimai təşkilatı tərəfindən Qələbə günü münasibətilə “Kaspiy” restoranında təşkil olunacaq tədbirdə İqbal Mahmudov da iştirak edəcək.
Hüquq-mühafizə orqanlarının araşdırmalar nəticəsində müəyyən edilib ki, həmin gün C.Ağalarov və D.Qritsay tədbirə gedən İ.Mahmudovu motosikllə təqib ediblər, biznesmen restoran yanında maşından çıxandan sonra isə C.Ağalarov ona beş dəfə atəş açıb və cinayətkarlar hadisə yerindən qaçıblar.
Təqsirləndirilən Z.Əhmədov öz günahını qismən təsdiq edib və bildirib ki, qətli o yerinə yetirib, digər təqsirləndirilən şəxslərin isə buna aidiyyəti yoxdur. Zərərçəkmiş tərəfin vəkili bu ittiham aktından tam razı olmadığını bildirib. Onun sözlərinə görə, istintaq qətlin sifarişli olduğunu gizlətmək istəyir: “İqbal Mahmudov imkanlı və nüfuza malik bir insan idi. Hamımız bilirik ki Z.Əhmədov qətlin sifarişçisi deyil. Çox güman ki, o, sadəcə, əlaqələndirici idi və İ.Mahmudovun qətlinin sifarişçinin adını bilir”.
Növbəti məhkəmə iclası fevralın 21-nə təyin olunub.
Xatırladaq ki, İqbal Mahmudovun qətlə yetirilməsində 4 nəfər - Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir. Faktla bağlı Ukrayna Cinayət Məcəllənin 115 (qəsdən adam oldürmə) və 263-cü maddələri (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) üzrə cinayət işi başlanılıb.