APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ÜAK-ın prezidenti Məmmədbağır Əliyev bildirib .
Onun sözlərinə görə, Konqresin Rusiya Ədliyyə Nazirliyində qeydiyyatının olmaması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdu: “ÜAK-ın qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı məlumatlar yayılmışdı. Biz Rusiya Ədliyyə Nazirliyinə bununla bağlı müraciət etdik. Onlar bizə cavab verdilər ki, ÜAK 2006-cı ildə keçirilən Qurultayda qəbul etdiyi Nizamnamə ilə qeydiyyatdan keçib. Onlar bizə 2011-ci ildə keçirilən Qurultayda qəbul olunmuş Nizamnamədə bəzi yanlışlıqların olduğunu bildirdilər. Ona görə də konqres 2006-cı ildə qəbul olunmuş nizamnamə əsasında fəaliyyət göstərir. Yəni ÜAK-ın Rusiya Ədliyyə Nazirliyində qeydiyyatı var”.
Ümumrusiya Azərbaycan Konqresinin Mərkəzi Şurasının iclası keçirildiyini söyləyən M. Əliyev qurumun icraçı direktoru vəzifəsinə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovu dəvət etdiklərini bildirib: “Mərkəzi Şuranın və Rəyasət Heyətinin iclasında gələcəkdə konqresin icraçı direktoruna geniş səlahiyyətlər verilməklə Qüdsi Osmanova həvalə olunması barədə təklif var. Qüdsi Osmanov Azərbaycan diasporuna bələd adamdır. Artıq uzun illərdir ki, o, Rusiyada yaşayır, fəaliyyət göstərir. Onun bu sahədə böyük təcrübəsi, regionların diaspor rəhbərləri ilə yaxın əlaqələri var. Diaspor sahəsində təcrübəli bir şəxs kimi onu bu vəzifəyə dəvət etmişik”.
İclasda konqresin prezidenti Məmmədbağır Əliyev və konqresin Rəyasət Heyətinin üzvləri – Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Sankt - Peterburqdakı baş konsul Qüdsi Osmanov, İTAR-TASS Agentliyinin baş direktorunun müavini Mixail Qusman və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak edirlər.
Toplantını giriş sözü ilə açan ÜAK prezidenti M. Əliyev konqresin Rəyasət Heyətinin iclasının keçirildiyini və növbədənkənar qurultayın keçirilməsini müzakirə etdiklərini söyləyib: “Fikirlər müxtəlif oldu. Müxtəlif mövqelər səsləndi. Qərara gəldik ki, növbədənkənar qurultay keçirək. Qurultayın vaxtı yaxın vaxtlarda müəyyənləşəcək. Qurultayda Nizamnaməyə dəyişikliklər olacaq".
Daha sonra ÜAK İcra Aparatının rəhbəri Nemət Nağdəliyev hesabatla çıxış edib. O, sonuncu qurultaydan bu günə qədər konqresin gördüyü işlərdən danışıb.
“Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev tərəfindən mənə təklif olunan icraçı direktor vəzifəsi çox mühümdür”. Bunu isə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov bildirib.
Q. Osmanov deyib ki, yaxın vaxtlarda bu təkliflə bağlı cavabını verəcək.
O deyib ki, 1988-ci ildən, tələbə olandan Rusiyada yaşayır, 7 il Sankt-Peterburqda fəxri konsul, son 7 ildə isə Azərbaycanın Sankt-Peterburqda baş konsulu kimi fəaliyyət göstərir: “Rusiyadakı Azərbaycan diasporunun problemlərinə yaxından bələdəm. Hesab edirəm ki, bu vəzifədə çalışsam, Rusiyadakı azərbaycanlıların fəaliyyətində region rəhbərliyi və ÜAK-ın rəhbərliyi ilə birlikdə mühüm nailiyyətlər etmiş olaram”.
Q. Osmanov qeyd edib ki, Rusiyada olan bütün Azərbaycan diaspor təşkilatlarının ÜAK-da təmsil olunması vacibdir: “Biz çalışmalıyıq ki, Rusiyada yaşayan azərbaycanlıların bu cəmiyyətə inteqrasiyasını həyata keçirək. Bütün təşkilatlar bu istiqamətdə birgə fəaliyyət göstərməlidirlər”.