Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı başa çatıb - FOTO

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı başa çatıb - FOTO
# 31 avqust 2023 16:41 (UTC +04:00)

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı başa çatıb.

APA xəbər verir ki, sonuncu yarış günündə kişilər arasında 50 metr məsafəyə tüfəngdən hərəkətdə olan hədəfə atəş açma növündə qaliblər müəyyənləşib.

586 xal toplayan Polşa atıcısı Lukas Çapla qızıl medalı bayram edib. Gümüş medal sevincini 583 xal toplayan ukraynalı İqor Kizima yaşayıb. Bürünc medal 582 xal yığan İsveç atleti Emil Martinssona təqdim olunub.

Bu növdə komanda yarışında Ukrayna birinci, İsveç ikinci, Finlandiya üçüncü olub.

Kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə qarışıq növdə (sürətli və ya asta) atəş açma növündə qaliblərin adına aydınlıq gəlib.

393 xal toplayan İsveç atıcısı Yesper Niberq qızıl medalı qazanıb. Gümüş medal sevincini Yesperdən 1 xal az toplayan Emil Martinsson yaşayıb. Bürünc medal 391 xal yığan Finlandiya atleti Krister Holmberqə təqdim olunub.

Bu növdə komanda yarışında Ukrayna birinci, İsveç ikinci, Finlandiya üçüncü olub.

Mükafatlandırma mərasimindən sonra “qızıl”ın sahibi Lukas Çapla açıqlama verərək medal təəssüratlarını bölüşüb, ölkəmiz və yarışla bağlı xoş fikirlər səsləndirib: “Bakıdakı dünya çempionatında 11 gün keçirdim. Səmimi olaraq bildirim ki, yarışdan zövq aldım. Bu, dünya çempionatlarında əldə etdiyim ardıcıl doqquzuncu qızıl medal idi. Qazandığım uğura görə xoşbəxtəm.

Mundialın ilk günlərində medal qazanmaqla bağlı işlərimiz yaxşı getmirdi. Lakin sona yaxın aldığımız medallarla iştirakçı sıralamasında 8-ci pilləyə yüksəldik. Buna görə komandamızın bütün üzvlərinə minnətdaram.
Fürsətdən istifadə edib dünya çempionatı boyunca bizə isti münasibət göstərən, rahatlığımız üçün əlindən gələni edən təşkilatçılara təşəkkür etmək istəyirəm”.

Digər qalib Yesper Niberq isə dünya çempionatından məmnunluğunu dilə gətirib:

“Bakıda keçirilən dünya çempionatı ən xoş sözlərə layiqdir. Burada hər şey gözəl idi. Yarış əsnasında bəzən külək müşahidə olunsa da, ümumilikdə turnirdən və çıxışımdan razı qaldım. 10-cu pilləni ölkəmiz adına xoş hal kimi qiymətləndirirəm”.

Mükafatlandırmanın ardınca 101 ölkədən 1239 atıcının iştirak etdiyi mötəbər yarışın bağlanış mərasimi keçirilib.

Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Villi Qril və Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov çıxış edərək dünya çempionatında iştirak edən, eləcə də yarışın keçirilməsində zəhməti keçən hər kəsə təşəkkür ediblər.

Beynəlxalq Atıcılıq Federasiyasının baş katibi Villi Qrill bağlanış mərasimindən sonra yarışın yekunları ilə bağlı təəssüratlarını bölüşüb:

“Öncə bu yarışın işıqlandırmasında iştirak edən media nümayəndələrinə təşəkkür edirəm. Sizin diqqətiniz dünya çempionatı üçün çox vacib idi. Mundial haqqında onu deyə bilərəm ki, Bakıdakı yarış zamanı 14 rekord qeydə alındı. Əvvəlki dünya çempionatlarında belə nəticə qeydə alınmamışdı. Eyni zamanda, gələn il Paris keçiriləcək Yay Olimpiya Oyunlarına 48 lisenziyanın verilməsi də nailiyyətdir. Açılış mərasimindən bağlanış mərasiminə kimi hər şey yüksək səviyyədə təşkil olundu. Bu, bütöv komandanın işidir. Mən Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərovun fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. O, mənim təkcə həmkarım deyil, dostum-qardaşımdır. Onun komandası mükəmməl iş gördü. Könüllülərə də təşəkkür etmək istəyirəm. 30 illik fəaliyyətimdə gördüyüm ən fəal könüllülər idi. Azərbaycan dünya çempionatını elə səviyyəyə çatdırdı ki, inanmıram hansısa ölkə yenidən belə bir iş ortaya qoysun. 9 olimpiadada, çox sayda yarışda iştirak etmişəm, çalışmışam. Deyə bilərəm ki, heç bir yarış Azərbaycandakı kimi təşkil olunmayıb. Mənim üçün çox çətindir. Öz ölkəmdə - Azərbaycanda turnirin bağlanışını elan etdim. Bir daha hər kəsə təşəkkür edirəm”.

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov mundialla bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüb: “Yarışın təşkilatçılığı ilə bağlı Beynəlxalq Atıcılıq Federasiyasının baş katibi Villi Qrillin sözlərini eşitdiniz. Qeyd elədi ki, dünya çempionatını bundan əvvəl heç bir ölkə belə yüksək səviyyədə keçirməyib. Azərbaycan bütün dünyaya göstərdi ki, mundial necə keçirtmək lazımdır. Atıcılıq olimpiya idman növlərindən biridir. Burdakı yarışlar da digər idman növlərindəki kimi maraqlı olmalıdır. Biz də qeyd edə bilərik ki, yarış həqiqətən də yüksək səviyyədə keçirildi”.

Emin Cəfərov dünya çempionatında çıxış edən Azərbaycan milli komandasının çıxışına da toxunub:

“Komandamız bu yarışda 3 medal qazanıb. Nəzərə alsaq ki, biz sonuncu qızıl medalımızı 2001-ci ildə qazanmışdıq. Eyni zamanda bir dünya çempionatında 3 medal olmayıb. Ən yaxşı halda 2 medal olub. Bu yarışda isə 3 medal qazandıq. Cənubi Koreyada gənclər arasında keçirilən dünya çempionatında da 2 medal qazanmışdıq. Bu artıq il ərzində dünya çempionatlarında 5 medalın qazanılması deməkdir. Bu irəliləyişin göstəricisidir. Komandamız gəncləşib və artıq gənc idmançılarımız medallar uğrunda mübarizə aparmağa başlayıblar. Bu dünya çempionatındakı nəticəni süpriz hesab etmək olmaz. Digər növlərdə çıxış edən idmançılarımız da yaxşı nəticə göstərə bilərdilər. Bu, bir az psixoloji idman növüdür. Çıxışları tam istədikləri kimi olmadı, amma ümumi nəticədən razıyıq”.

Qeyd edək ki, 17 gün davam edən dünya çempionatında nəzərdə tutulduğundan daha çox, 64 dəst medal qazanılıb. Yarışda ən çox medal sahibi Çin, ən çox qızıl medal sahibi isə Çin, Ukrayna və Hindistan komandaları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR