“Bu il V Beynəlxalq Etnoidman Forumunu Bakıda keçiririk”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan deyib.
O bildirib ki, bundan əvvəlki Forumlar Türkiyədə və dünyanın bir sıra ölkəsində keçirilib: “Dolayısı ilə bu il ev sahibliyini Azərbaycan edir. Öncəlikdə bu möhtəşəm ev sahibliyinə görə başda cənab Prezident İlham Əliyev olmaqla, gənclər və idman naziri Fərid Qayıbova və azərbaycanlı qardaşlarımıza təşəkkür edirik. Biz burada ənənəvi idman növlərindən dünyada daha çox danışılması üçün çalışırıq. Hazırda burada dünyanın 45-dən çox ölkəsindən təmsilçilər var. Əsas məqsəd sözügedən idman növlərinin gələcək prioritetləridir”.
Sədr Azərbaycanda 2019-cu ildə Milli Yaylaq Festivalının keçirildiyini də diqqətə çatdırıb: “Eyni zamanda, Azərbaycanda bu tip ənənəvi idman növlərinin inkişafına ehtiyac var. Biz düşünürük ki, Gədəbəydəki həmin festivalı bu il yenidən keçirə bilərik. Hətta ona bənzər bir festivalı Bakıda da keçirməyi planlaşdırırıq. Bu həm də daha çox kütləyə çatmaq deməkdir. Bu gün hörmətli nazirlə də bu mövzunu danışırıq. Çövkən oyunun Azərbaycanda deyil, dünya çapında tanınması üçün addımlar atılmalıdır. Çünki milli mədəniyyətimizi dünyaya tanıtmağımız həm də ölkəmizi tanıtmağımız, dünyaya daha geniş sferada göstərməyimiz deməkdir. Biz bunu üzvümüz olan bütün ölkələr üçün etməyi düşünürük. Məqsəd odur ki, bizə yad idman növlərini gətirməkdənsə, öz milli oyunlarımızı təbliğ edək, tanıdaq. Bu da eyni zamanda ölkələrarası mədəni əlaqələrin də inkişafına yol açır. Bu gün biz Azərbaycanın da sözügedən təbliğatı apardığını görürük. İnşallah, bugünkü forum həm dünyada, həm də Azərbaycanda ənənəvi idman növlərinə olan marağın artmasına səbəb olacaq”.
Sail Ağasəlim
Nihat Pir