Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
APA xəbər verir ki, əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Böyük Britaniya və Avstraliyanın Dövlət himnləri səsləndirilib.
Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.
Qeyd edək ki, “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell ("Mercedes") üçüncü olub.
Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Həmilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.