Xəzərdən başlayan su səyahəti Qəbələdə davam edib

 Xəzərdən başlayan su səyahəti Qəbələdə davam edib
# 27 aprel 2017 10:49 (UTC +04:00)

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Qaxdan sonra növbəti ünvanı Qəbələ şəhəri olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayonunda su səyahətinə Nohur gölündən su götürülməklə start verilib.

Taekvondo üzrə beynəlxalq turnirlərin qalibi Xəyal Əzizov, boks üzrə dünya çempionatının qızıl medalçısı Cavid Çələbiyev “Bakı-2017”nin misdən hazırlanmış səhəngi Nohur gölünün suyu ilə dolduraraq Qəbələ şəhərindəki Heydər Əliyev parkında keçiriləcək “Su festivalı”na yola düşüblər. Səhəng mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Sonra Qəbələ Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, layihə rəhbəri Ülviyyə Əkbərova, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri Rəfael İsgəndərov, Coşqun Rəhimov, Müşfiq Abbasov çıxış edərək gələn ay Bakıda keçiriləcək mötəbər yarışların əhəmiyyətindən danışıb, məktəblilərə bu idman tədbirində uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müxtəlif idman müsabiqələrində 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə öz qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, sertifikat, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.

Qeyd edək ki, “Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində bu gün axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev parkında “Su festivalı” keçiriləcək, konsert proqramı və atəşfəşanlıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR