Bank Of Baku

Gündüz İsmayılov: “Bəzi şəxslər “Əbu Bəkr” məscidi ilə bağlı məsələlər ətrafında ictimai rəyi yanlış istiqamətə yönəltməyə cəhd göstərir”

Gündüz İsmayılov: “Bəzi şəxslər “Əbu Bəkr” məscidi ilə bağlı məsələlər ətrafında ictimai rəyi yanlış istiqamətə yönəltməyə cəhd göstərir”
# 13 noyabr 2008 10:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bəzi şəxslər “Əbu Bəkr” məscidi ilə bağlı məsələlər ətrafında ictimai rəyi yanlış istiqamətə yönləndirməyə cəhd edir. Bəzən qeyri-ciddi adamların faktdan və etikadan uzaq fikirləri mətbuat vasitəsilə yayıldıqda cəmiyyətdə yanlış rəy formalaşır”. Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Gündüz İsmayılov “Nərimanov rayon dindarları” dini icmasının vəkili Cavanşir Süleymanovun mətbuatda DQİDK və onun sədri Hidayət Orucovla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Şöbə müdiri bildirib ki, vəkilin son dövrlər mətbuatda dərc olunan bəzi açıqlamalarında adi etik normalara sığmayan məqamlara rast gəlinir: “Özünü dini icmanın səlahiyyətli nümayəndəsi kimi təqdim edən şəxsin hüquqdan və əxlaqdan uzaq subyektiv fikirləri, hətta böhtan və şər xarakterli ittihamları mətbuatda yer alır. Təbii ki, qeyri-ciddi adamların bəzən həqiqətdən uzaq, anormal fikirlərinə səbirli və dözümlü yanaşmaq söz azadlığının əsas meyar olduğu demokratik cəmiyyətlərin qəbul edilən şərtlərindəndir. Əslində, belələrinə məhdudiyyət, qadağa qoyulmasının elə bir əhəmiyyəti də yoxdur. Çünki kimisə öz əxlaqından yüksək səviyyədə düşünməyə məcbur etmək qeyri-mümkündür. Bununla bərabər, bildiririk ki, həmin vəkilin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun sədri Hidayət Orucovla bağlı mətbuatda söylədiyi əsassız və etikadan kənar ifadələri təkcə səviyyənin göstəricisi deyil. Biz Cavanşir Süleymanovun diqqətinə çatdırırıq ki, Hidayət Orucov hər zaman fikirlərini əsaslandırılmış və aydın şəkildə ifadə edir. Əgər o, özünü hüquqşünas hesab edirsə, başqası haqqında yaramaz ifadələr işlətməyin təkcə əxlaqa yox, həm də hüquqa zidd olduğunu bilməlidir”.

C. Süleymanov isə APA-ya bildirib ki, G. İsmayılovun dediklərinin heç bir əsası yoxdur, komitə rəhbərliyi diqqəti əsas məqsəddən yayındırmağa çalışır: “Biz məhkəməyə müraciət etmişik və bununla bağlı da çıxışlar gedir. Yenə də deyirəm, bu komitənin rəhbərliyi nə danışır, özləri də bilmir. Belə açıqlamalarla mənə hədə-qorxu gəlirlər ki, bu işdən kənarlaşım. Onlar bir məhkəmədə bir söz, ikinci məhkəmədə başqa söz deyirlər”.

Qeyd edək ki, Cavanşir Süleymanov mətbuata açıqlamasında DQİDK sədri Hidayət Orucovla bağlı məhkəməyə müraciət edəcəyini bildirib. C. Süleymanov H. Orucovun hər gün fərqli fikirlər bildirdiyini deyib və “Bu adam nə dediyini özü də bilmir” ifadəsini işlədib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR