Bank Of Baku

İcra Hakimiyyəti: Murtuza Muxtarov küçəsindəki məscid qanunsuz tikilib, sökülməlidir

İcra Hakimiyyəti: Murtuza Muxtarov küçəsindəki məscid qanunsuz tikilib, sökülməlidir
# 04 dekabr 2008 13:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Yasamal rayon Murtuza Muxtarov küçəsi, 190 ünvanındakı məscid qanunsuz tikilib və sökülməlidir”. Bu sözləri APA-ya açıqlamasında Yasamal rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Səidə Qulubəyova deyib. Şöbə müdiri istənilən binanın inşa olunması üçün onun layihə-smeta sənədinin hazırlanmasının vacib olduğunu deyib: “Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə müraciət olunmalı, layihə- smeta sənədi təsdiqlənməli, bundan sonra tikintiyə icazə verilməlidir. Həmin ərazidə məscid inşa edən şəxs isə bunların heç birini etməyib. Yəni, onun məscid tikintisi üçün icazəsi yoxdur”. S. Qulubəyova deyib ki, Valeh Mövsümov mülkiyyətində olan həmin ərazidə qanunsuz tikintiyə başlayan zaman ona dəfələrlə xəbərdarlıq edilsə də, heç nəyə məhəl qoymayıb: “Biz heç sözümüzü demək üçün onu tapa bilmirdik”.

Murtuza Muxtarov, 190 ünvanında 170 kv/m-lik qeyr-yaşayış sahəsində “Peyğəmbərimiz Məhəmmədin Məscidi” adlı ibadət ocağı tikən V. Mövsümov da APA-ya açıqlamasında baş verənlərə aydınlıq gətirib. V. Mövsümov 2006-cı ildə Yasamal Rayon Dini İcmasını yaratdığını, həmin il dövlət qeydiyyatına alındıqlarını deyib: “İcma qeydiyyata alınan zaman onun hüquqi ünvanı kimi Murtuza Muxtarov, 190 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan əmlakım göstərilib”.

V. Mövsümov bildirib ki, həmin ünvanda məscid tikmək qərarına gəlib və bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib: “Qarşı tərəf mənə mülkiyyətimdə olan qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparmağa icazə verib. Mən də orada məscid tikmişəm”.

V. Mövsümov məscidi tikdirərkən, qonşuluqda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin korpusunun həyətindən də 9 kv/m ərazini zəbt etdiyini etiraf edib: “Həmin 9 kv/metrdə məscidin minarəsi inşa edilib”.

V. Mövsümov Yasamal rayon İcra Hakimiyyətinin məscidin sökülməsi ilə bağlı iddiasını təmin etdikdən sonra tikdirdiyi ibadət ocağını dövlətin balansına keçirmək istədiyini bildirib: “Məscidin dövlətin balansına keçirilməsinə razıyam, təki sökülməsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR