Bank Of Baku

Allahşükür Paşazadə Türkiyənin dini işlər idarəsinin rəhbərinə müraciət edib

Allahşükür Paşazadə Türkiyənin dini işlər idarəsinin rəhbərinə müraciət edib
# 09 aprel 2009 14:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Türkiyənin diyanət işləri başqanı (dini idarənin sədri) Əli Bardakoğluna müraciət edib. APA-nın məlumatına görə, müraciətdə deyilir: “Son günlər Türkiyə-Ermənistan sərhədlərin açılması və iki ölkə arasında diplomatik əlaqələrin bərpa olunacağı barədə söz-söhbətlərin geniş vüsət alması Azərbaycan müsəlmanlarını hədsiz narahat edir. Söhbət hər bir azərbaycanlı müsəlman üçün həyati əhəmiyyət kəsb edən Qarabağ münaqişəsinin həllinə əsaslı təsir edə biləcək məsələdən getdiyindən biz öz qətiyyətli, birmənalı mövqeyimizi ortaya qoymaq məcburiyyətindəyik. 16 il əvvəl uydurma “erməni soyqırımı” ilə bağlı Türkiyə əleyhinə əsassız ittihamlar və Qarabağın Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq Türkiyə-Ermənistan sərhədinin qapadılması azərbaycanlılara nə qədər qürur bəxş etmişdisə, bu sərhədlərin açılma ehtimalı bir o qədər təəssüf və küskünlük gətirir”.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının heç vaxt yalnız diplomatik münasibət səciyyəsi daşımadığı, soy, kök, din, dil birliyi kimi mühüm təməllər üzərində bərqərar olunduğunu xatırladan A. Paşazadə bildirib ki, Azərbaycan xalqı müsəlman aləminin öndər məmləkəti, islam dininin və onun müqəddəs dəyərlərinin tarixən müdafiəçisi olmuş Türkiyəni belə bir addım atmamağa çağırır, türk-islam dünyasının fəxri olmaq missiyasını bundan sonra da layiqincə davam etdirməsini diləyir: “Müqəddəs dinimiz zalımın cəzalandırılmasını, ədalətin zəfər çalmasınadək mübarizəni təlqin edir. Azərbaycan müsəlmanları əmindirlər ki, Azərbaycan və Türkiyə birgə səylərlə zülmə, haqsızlığa daha tez qalib gələr, düşməni öz mənfur iddialarından çəkindirər, işğaldan əl çəkməyə məcbur edə bilər. Əks təqdirdə, zülmkarın cəzadan qurtulmasına yardımçı olmaq onu yeni cinayətlərə sövq edə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR