Bank Of Baku

“Dini Etiqad azadlıqları haqında” qanuna əlavə və dəyişikliklərə həsr olunmuş debat keçirilib

“Dini Etiqad azadlıqları haqında” qanuna əlavə və dəyişikliklərə həsr olunmuş debat keçirilib
# 21 may 2009 13:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ““Dini Etiqad azadlıqları haqında” qanuna əlavə və dəyişikliklər Azərbaycanda din və etiqad azadlıqlarını məhdudlaşdırırmı?” mövzusunda bu gün debat keçirilib. APA-nın məlumatına görə, debatda bu dəyişikliklərin əleyhdarı kimi Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzini (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu, müdafiəçisi kimi isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov çıxış edib. G. İsmayılov bildirib ki, 1992-ci ildən qəbul edilən qanuna ötən müddət ərzində heç bir ciddi dəyişiklik edilməyib. Edilən dəyişikliklərin kosmetik xarakterli olduğunu bildirən şöbə müdiri sonuncu dəyişikliyin vacib olduğunu qeyd edib: “Azərbaycan konstitusiyasına edilən əlavə və dəyişiklik qanuna da analoji dəyişikliyi zəruri edirdi”. O, dəyişikliyin Azərbaycanda dini etiqad və vicdan azadlığının məhdudlaşdırmadığını bildirib.

İ. İbrahimoğlu isə əslində, bu vaxta qədər sözügedən qanuna köklü dəyişikliklərin edildiyini vurğulayıb: “1992-ci ildə qanun qəbul edirkən dini icmalara QHT statusu verilirdi. Amma sonrakı dəyişikliklər bu imkan itirildi və həmçinin dini icmaların qeydiyyatında bürokratik əngəllər yaratdı. Bu gün Azərbaycanda müsəlman dini icmaları ilə qeyri-müsəlman dini icmalarının qeydiyyata alınmasına fərq qoyulur. Qeyri-xristian icmaların qeydə alınması proseduru daha sadədir”. İ. İbrahimoğlu qeydiyyatdan keçməyən dini icmaların fəaliyyətinin dayandırılmasının nəzərdə tutulduğunu və bunun sovet ənənəsinə qayıdış olduğunu deyib.

G. İsmayılov isə opponentinin fikirlərinə cavab verərək bildirib ki, əslində müsəlman dini icmaları yalnız axund və imamların təyin olunması zamanı Qafqaz Müsəlmanları İdarəsindən təqdimat almalıdır. O, başqa bir fərqli cəhətin olmadığını deyib: “Bu gün Azərbaycanda dini icmaların qeydiyyatında heç bir problem yoxdur, MDB dövlətləri içərisində bu sahədə ən sadə prosedura Azərbaycandadır”.

Debatda tərəflər bir-birinin və həmçinin iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR