Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin nizamnaməsi yeni redaksiyada qəbul olunub

Qafqaz Müsəlmanları İdarəsinin nizamnaməsi yeni redaksiyada qəbul olunub
# 12 avqust 2009 12:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) 12-ci qurultayı keçirilib. APA-nın xəbərinə gərə, tədbir başlamazdan öncə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, qurultay iştirakçıları, qonaqlar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra isə qurultay 230 nəfərin iştirakı ilə “Təzə-Pir” məscidində öz işinə başlayıb. Tədbiri giriş sözü ilə açan QMİ sədrinin müavini, professor Vasim Məmmədəliyev qurultayın gündəliyini elan edib və üç nəfərdən ibarət qurultayın mandat komissiyası seçilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxış edərək qurultay iştirakçılarını təbrik edib. Ölkədə dini tolerantlığın hökm sürdüyünü qeyd edən komitə sədri Azərbaycanda islamın rolu və QMİ-nin fəaliyyəti barədə danışıb. O, çıxışında dini sahədə yaranan bəzi problemlərə də toxunub: “Bu gün bəzi şəxslər iddia edir ki, Azərbaycanda məscidlər sökülür. Bu heç də belə deyil. Ölkədə qanunsuz tikililər sökülür. Qanuni şəkildə inşa olunmuş məscidləri heç kim sökə bilməz”. H. Orucov həmçinin ölkədə qeydiyyatdan keçməyən dini icmaların fəaliyyətinin də dayandırılacağını bəyan edib.
Daha sonra QMİ-nin Qazilər Şurasının hesabatı dinlənilib.
Hesabat məruzəsindən sonra isə, “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərlə əlaqədar QMİ-nin Nizamnaməsi yeni redaksiyada müzakirə edilərək qəbul olunub. QMİ-nin 12-ci qurultayında Qazılar Şurasının və Nəzarət-Təftiş komissiyasının üzvləri seçilib.
Qurultaya yekun vuran Şeyxülislam Allahşükür Paşazadə bütün ölkə müsəlmanlarına müraciət edərək onları həmrəy olmağa çağırdı: “Mən ölkədə olan bütün müsəlmanları, təriqətlərindən asılı olmayaraq, onların hamısını birliyə səsləyirəm. Qoy düşmənlərimiz bizi ayırmasın”. Şeyxülislam həmçinin ölkədə qanunsuz tikilən məscidlərin sökülməsinə də münasibətini bildirib: “Məscidlər sökülür. Biz başa düşürük ki, həmin məscidlər ona görə sökülür ki, onlar qanunsuz tikilib. Bəs yaxşı, niyə o məscidlərin tikilməsinə razılıq verən şəxslərin qanunsuzluqları ifşa edilmir? Həmin şəxslər də müəyyən olunmalı və cəzalandırılmalıdır”.
Qurultayın sonunda ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR