Bank Of Baku

Dövlət Komitəsi: “Gəncədəki məsciddə indiyə kimi tamamilə yolverilməz hallar baş verib”

Dövlət Komitəsi: “Gəncədəki məsciddə indiyə kimi tamamilə yolverilməz hallar baş verib”
# 17 sentyabr 2009 12:02 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib.

Komitə rəsmisi deyib ki, bağlanan ibadət ocağı insanlar arasında “Alban məbədi” kimi tanınsa da, son illər məscid kimi fəaliyyət göstərib. Onun sözlərinə görə, məsciddə fəaliyyət göstərən şəxslərə dəfələrlə müraciət olunsa da, onlar qeydiyyatdan keçmək üçün müraciət etməyiblər.

G. İsmayılov deyib ki, orada faktiki olaraq fəaliyyət göstərən şəxslərin həmin məscidə heç bir aidiyyatı yoxdur: “Onlar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyinat almış şəxslər deyillər. Digər tərəfdən həmin məscid Mədəniyyət və Turizm Nazirliyinin balansındadır”.

Komitə rəsmisi deyib ki, bütün bunlar nəzərə alınaraq məscidin fəaliyyəti dayandırılıb. G. İsmayılovun sözlərinə görə, indiyə kimi həmin məsciddə tamamilə yolverilməz hallar baş verib: “O məscidə aidiyyatı olmayan şəxslər onun idarəçiliyi ilə məşğul olublar. Məsciddə başqa şəxslər moizələr oxuyublar. Həmin şəxslərə də dəfələrlə xəbərdarlıqlar edilib. Bir sözlə, məscidin indiyə qədərki fəaliyyəti nəzərə alınaraq, hamının şahidi olduğu qərar qəbul edilib”.

G. İsmayılov məscidin bundan sonrakı taleyi ilə bağlı da açıqlama verib: “Məscidin qanunlar çərçivəsində normal icma tərəfindən fəaliyyət göstərməsi mümkündür. Bu məsələyə gələcəkdə baxıla bilər ”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR