Bank Of Baku

Azərbaycanda Məhərrəm ayı münasibətilə keçirilən mərasimdə bir dindar həbs edilib

Azərbaycanda Məhərrəm ayı münasibətilə keçirilən mərasimdə bir dindar həbs edilib
# 29 dekabr 2009 13:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Gəncə şəhərində Məhərrəm ayı ilə bağlı bu gün keçirilən ənənəvi dini mərasimdə bir nəfər həbs edilib. APA-nın məlumatına görə, hadisə ilə əlaqədar Gəncə şəhər dindarları bəyanat yayıblar. Bəyanatda bildirilir ki, 29 dekabr 2009-cu il tarixdə Gəncədə Məhərrəm ayı münasibətilə keçirilən ənənəvi dini mərasimlərdə din tələbəsi Bəhruz Sadıqov polis tərəfindən əsassız həbs edilib. Digər mərasim iştirakçıları isə mərasimdən sonra polislər tərəfindən təzyiqlərə məruz qalıblar. Əsrlərdən bəri Məhərrəm ayında İmam Hüseynin (ə) şəhadətilə bağlı Gəncədə dərin hüznlə kütləvi mərasimlərin təşkil edildiyini qeyd edən dindarlar bu mərasimlərin milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olduğunu bildirirlər: “Hətta sovetlər dövründə belə Məhərrəm ayı mərasimləri Gəncədə daim kütləvi şəkildə qeyd edilib, dinsiz bolşevik rejimi xalqın iradəsini qıra bilməyib. Təsadüfi deyil ki, Gəncə “İmam Hüseyn Şəhəri” kimi də tanınır. Biz, Gəncə dindarları Məhərrəmliklə bağlı keçirilən mərasimə qeyri-qanuni olaraq müdaxilə edilməsinə və bütün bu qanunsuzluqlara qəti etirazımızı bildiririk. Polis tərəfindən saxlanılan şəxsin dərhal azadlığa buraxılmasını, dindarlara qarşı repressiyalara son qoyulmasını tələb edirik!”

Gəncə şəhər Polis İdarəsinin rəisi, polis-polkovniki Rasim Musayev isə APA-ya açıqlamasında B. Sadıqovun ictimai əsayişi pozduğu üçün saxlanıldığını bildirib. O, həmçinin təqsirləndirilən şəxsin inzibati qaydada məhkəmə tərəfindən cərimələndikdən sonra sərbəst buraxıldığını sözlərinə əlavə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə rəsmi nümayəndəsi Firdovsi Kərimov da APA-ya hadisədən xəbərdar olduğunu bildirib. Komitə rəsmisi baş verən hadisə ilə bağlı mövqeyinin Gəncə şəhər Polis İdarəsi rəisinin dedikləri ilə üst-üstə düşdüyünü, əlavə şərh vermək istəmədiyini qeyd edib: “Polisin əlində əsas olmasa, heç kimi həbs etməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR