Sergey Lavrov Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb

Sergey Lavrov Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb
# 22 may 2007 11:30 (UTC +04:00)
Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb. APA-nın məlumatına görə, Şeyxülislam S. Lavrovun bu səfərinin iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəyini, Azərbaycan və Rusiya prezidentləri arasında olan səmimi münasibətlərin Qafqazda sülhün bərqərar olmasına, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcəyinə inandığını bildirib: “Bu yaxınlarda Rusiya pravoslav kilsəsi ilə xaricdə fəaliyyət göstərən rus pravoslav kilsələri arasında baş vermiş yaxınlaşma biz müsəlmanları da sevindirib”. Şeyxülislam dini qarşıdurmaların böyük fəlakətlərə səbəb olduğunu xatırladıb və dini xadimlərinin dünyada sülhün bərqərar olması yolunda həmişə siyasətçilərin yanında olduqlarını vurğulayıb. Daha sonra S. Lavrov Şeyxülislama Rusiyanın yüksək mükafatı olan “Dostluq” ordenini təqdim edib. Rusiya XİN başçısı ölkəsində çox sayda dini konfessiyaların fəaliyyət göstərdiyini, onlar arasında həmçinin Xarici İşlər Nazirliyi ilə dini konfessiyalar arasında yaxşı əlaqələrin olduğunu söyləyib. Nazir bildirib ki, bu yaxınlarda Rusiyada fəaliyyət göstərən müsəlman icmaları ilə görüşəcək.
Görüşdə iştirak edən Bakı və Xəzəryanı Yeparxiyanın Yepiskopu Aleksandr Ata Şeyxülislamın sülhün möhkəmlənməsində möhkəm rol oynadığını qeyd edib, Azərbaycanda yaşayan pravoslavların ibadət etmələri üçün hər cür şərait yaradıldığını söyləyib.
Şimali Qafqazın Əlaqələndirmə Şurasının sədri İsmayıl Berdıyev Şeyxülislamın daha da yüksək mükafatlara layiq olduğunu deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR