Allahşükür Paşazadə sabah İspaniyaya gedir

Allahşükür Paşazadə sabah İspaniyaya gedir
# 14 iyun 2007 12:18 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sabah İspaniyaya yola düşür. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Paşazadə İspaniyadakı İslam Cəmiyyəti və Dünya İslam Xalq Rəhbərliyi təşkilatı tərəfindən Kordova şəhərində 18-19 iyun tarixlərində keçiriləcək “Sivilizasiyaların həmrəyliyi - sülh uğrunda həmrəylikdir” mövzusunda konfransa dəvət alıb. Şeyxülislam konfransda çıxış edəcək, hazırda aktual olan sivilizasiyalararası münasibətlər mövzusu ilə bağlı fikirlərini bölüşəcək, mədəniyyətlərin dialoqunun baş tutması üçün İslamın məhək dəyərlərə malik olması fikrini önə çəkəcək. A. Paşazadə öz çıxışında xüsusi olaraq vurğulayacaq ki, qloballaşma şəraitində sivilizasiyalar, mədəniyyətlər arasında dialoq Allaha xoş gedən məqamdır və bu səbəbdən hər vəchlə davam etdirilməlidir.
Dünya İslam Xalq Rəhbərliyinin İcraiyyə Məclisinin üzvü qismində bu qurumun iclasında iştirak edəcək Şeyxülislam çağdaş dünyada İslam birliyinə nail olmağın zərurəti və yolları, habelə Yaxın Şərqdə son zamanlar cərəyan edən narahatlıq doğuran hadisələrə dair fikir və təkliflərini səsləndirəcək. QMİ sədri habelə Azərbaycanda müqəddəs dinimizin dirçəlməsi yönündə görülən əməli tədbirlər, xüsusilə dövlətin bilavasitə qayğı və himayəsi altında vüsət alan məscid və ziyarətgahların təmir, bərpa və yenidən qurulması barədə məlumat verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR