Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası başlayıb - FOTO - YENİLƏNİB

Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası başlayıb - FOTO  - YENİLƏNİB
# 28 iyul 2023 09:23 (UTC +04:00)

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahlarda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.

APA xəbər verir ki, bunu Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva deyib.

O bildirib ki, paytaxtda qanvermə aksiyasına 160 personal cəlb edilib.

Qumral Vəliyeva qeyd edib ki, qanvermə aksiyasında 18-65 yaş arası, çəkisi minimum 50 kq olan sağlam fiziki şəxslər iştirak edə bilərlər. Qanvermədə iştirak edən vətəndaşlardan təxminən 450 milli litr qan götürülür.

Onun sözlərinə görə, kimin qan verib-verməməsinə həkim müayinəsindən sonra qərar verilir: "Vətəndaşların öncə təzyiqləri, hərarətləri ölçülür və bundan sonra vətəndaşın qan verib-verə bilməyəcəyi müəyyənləşir".

Qumral Vəliyeva deyib ki, daim qana və könüllü qan verənlərə ehtiyac var: "Ölkəmizdə 1500-dən artıq talassemiya xəstəsi var ki, onlara iki-üç həftədən bir qan köçürülür".

Aləmdə Nəsib

***

09:00

Bu gün Azərbaycanda Aşuradır.

APA xəbər verir ki, Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası başlayıb.

Qanvermə aksiyaları Bakı şəhəri üzrə: Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı, Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı, Nizami rayonu Sahib-əz-zaman məscidi, Səbail rayonu Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonu Qaraçuxur məscidi, Yasamal rayonu Təzə Pir məscidi, Yasamal rayonu Hacı Soltanəli məscidi, Binəqədi rayonu İmam Əli məscidi, eyni zamanda, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində keçirilir.

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir.

Qeyd edək ki, Məhərrəm ayı iyulun 19-da başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR