Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Alban-Udi xristian dini icması və ölkədə fəaliyyət göstərən qeyri-müsəlman dini icmaların üzvləri Şəmkir rayonuna səfər ediblər.
Komitədən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Komitə əməkdaşları, eləcə də dini konfessiyaların nümayəndələri Alman Lüteran kilsəsini ziyarət ediblər.
Qonaqlara kilsə haqqında məlumat verilərək bildirilib ki, 1909-cu ildə almanlar tərəfindən inşa edilən kilsə 2012-ci ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində yenidən bərpa olunub, ərazisi abadlaşdırılıb. Hazırda tarixi abidə kimi qorunan kilsənin ərazisi 10 hektardır.
Qeyd edək ki, qeyri-müsəlman dini icmaların üzvləri bu gün Kəlbəcər rayonunda Xudavəng məbədini ziyarət edəcəklər.