“Bu gündən başlayan imam və imam müavinləri üçün müsahibədə 183 nəfərin iştirakı nəzərdə tutulub”.
APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O bildirib ki, ümumilikdə bu vəzifələr üzrə 37 vakansiya var:
"Həmin vakansiyalar ölkənin demək olar ki, bütün bölgələrini əhatə edir. Prosesin fevralın 24-də başa çatmasını planlaşdırmışıq. Müsahibədən uğurla keçənlər 30 iş günü ərzində təyinat alacaqlar, digər namizədlər isə ehtiyat kadr siyahısına düşəcəklər".
Sədr müavini deyib ki, müsahibə komissiyasının üzvləri yalnız ilahiyyatçılardan təşkil olunub:
“Komissiya üzvləri olan 7 nəfərdən 4-ü ilahiyyat üzrə fəlsəfə doktoru, 3-ü isə ilahiyyatçıdır. Müsahibə proqramı əvvəldən elan olunub. Həmin müsahibə proqramı ötən ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytında yerləşdirilib. Müsahibə proqramında namizədlərə verilən suallar iki istiqamətdə olur: dini və dünyəvi suallar. Dünyəvi sualları da alt qruplara bölmüşük - qanunvericilik, ümumi dünya görüşü və dil bilgiləri. Bununla yanaşı, Azərbaycan tarixi, müasir Azərbaycanda dövlət-din münasibətləri, tolerantlıq, multikulturalizm, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri məsələləri də olur. Tarix məsələlərində çox da dərindən deyil, daha çox hər kəsin, xüsusilə din xadimlərinin bilməli olduğu məsələlərə aid suallardır. Dinlə bağlı suallar əsasən “Qurani-Kərim”in oxunuşu, əzbəri, təfsir, hədis, fiqh, şəriətlə bağlı olur”.