“Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib - FOTO

“Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib - FOTO
# 15 noyabr 2023 13:00 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, konfransda Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, respublikamızda fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak edib.

Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından ölkəmizdəki milli birlik və dini həmrəylikdən bəhs edən videoçarx nümayiş etdirilib.

Konfrasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının İctimai təşkilatlarla iş üzrə şöbəsinin müdiri Elnur Əfəndiyev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Bibliya Cəmiyyəti Xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli mövzu ilə bağlı fikirlərini bölüşüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin tolerantlığa verdiyi önəmdən, həyata keçirdiyi müdrik siyasət nəticəsində respublikamızda yaşayan dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsindən, ölkəmizin nümunəvi tolerantlıq modelini formalaşdırmasından söhbət açılıb. Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərindəki inkişaf, ölkədə etiqad azadlığı üçün yaradılan şərait, dini dəyərlərə, ibadət yerlərinə və din xadimlərinə göstərilən xüsusi qayğıdan bəhs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR