“Media və dini təhlükəsizlik” mövzusunda konfrans keçirilib - FOTO

“Media və dini təhlükəsizlik” mövzusunda konfrans keçirilib - FOTO
# 19 iyul 2023 14:05 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş “Media və dini təhlükəsizlik” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, tədbirdə millət vəkilləri, Dövlət Komitəsi və media orqanlarının rəhbər şəxslərinin, habelə dini icma və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə toxunub:

“Azərbaycan müsəlman dünyasının bir parçasıdır. Dini baxımdan təhlükəsizlik tamamilə təmin olunub. Ölkəmizdə dövlət-din modeli Azərbaycan Konstitusiyasında əksini tapıb. Bu gün Azərbaycanda müxtəlif dini konfessiyalar bir arada yaşayır. Azərbaycan mediasında dini mövzularla bağlı həyata keçirilən işləri yüksək qiymətləndiririk. Din ideologiya deyil, siyasətdən də ayrıdır. İslam dini ən yüksək səviyyədə insanlar arasında münasibətlərin olmasını təşviq edir. Dindən sui-istifadənin qarşısını almağın ən vacib rolu dini olduğu kimi çatdırmaqdır. Burada medianın rolu əvəzsizdir. Media insanlar arasında kommunikasiya rolunu oynayır”.

Tədbirdə Mətbuat Şurası sədrinin müavini, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Mediada dini mövzularda manipulyasiyalar” mövzusunda təqdimatla çıxış edib.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib. Müsabiqədə APA İnformasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı da III yerə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR