Bank Of Baku

Mübariz Qurbanlı: Ermənilər Xocavənddəki pravoslav kilsəsini dağıdıb

Mübariz Qurbanlı: Ermənilər Xocavənddəki pravoslav kilsəsini dağıdıb
# 14 aprel 2023 10:44 (UTC +04:00)

Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılıb və BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirilib, mövcud olan 60-dan çox məscid, 200-ə yaxın ziyarətgah dağıdılıb və ya təhqir predmetinə çevrilib, eləcə də alban xristian məbədləri saxtalaşdırılaraq qriqoryanlaşdırılıb və ya dağıdılıb.

APA xəbər verir ki, bunu "Qafqaz Albaniyası: Dini və sosial həyatı" adlı X beynəlxalq konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, Xocavənd rayonu ərazisindəki pravoslav kilsəsi ermənilər tərəfindən talan edilib və dağıdılıb: “Azərbaycanın tarixi və əzəli torpaqlarındakı mədəni irsin silinməsi və ya özgəninkiləşdirilməsində də məqsəd bu ərazilərin azərbaycanlılarla bağlılığının yox edilməsi və dünya ictimaiyyətinə saxta məlumatların təqdim edilməsi olub. Bütün bu cinayətkar əməlləri ilə qarşı tərəf “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərini kobud surətdə pozub”.

Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, bu gün Azərbaycan tərəfi İkinci Qarabağ – Vətən müharibəsi ilə azad etdiyi öz əzəli ərazilərində tarixi, mədəni və dini irsin qorunması və saxlanması üzrə beynəlxalq öhdəliyinə, eləcə də multikulturalizm, tolerantlıq prinsiplərinə əsaslanan siyasətinə hər zaman olduğu kimi sadiqdir: “Belə ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara zərər yetirilməmiş, müharibə vəziyyətinin davam etdiyi vaxtda belə - 2020-ci ilin 7 noyabr tarixində - qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin Nic qəsəbəsindəki Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə verilib.

Eyni zamanda, hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdəki Ermənistan silahlı qüvvələrinin dağıtdıqları bütün dini abidələrin, o cümlədən Alban abidələri ilə yanaşı, digər xristian məbədlərinin də bərpa ediləcəyi bəyan edilib. Həmçinin bu ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün ölkə başçısının tapşırıqlarına əsasən, “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başladılmışdır - Əlaqələndirmə Qərargahı, işçi qrupları, o cümlədən tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə işçi qrupu yaradılmış, Strateji Fəaliyyət Planı hazırlanıb.

Bu baxımdan Azərbaycan işğaldan azad olunmuş ərazilərində törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bölgəyə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəfdir. 30 illik uzun dövr ərzində UNESCO kimi beynəlxalq təşkilatların bu məsələlərlə bağlı faktaraşdırıcı missiya göndərməməsi məyusluq doğurur. Belə hallar beynəlxalq təşkilat və qurumların obyektiv və ədalətli olmasına şübhə ilə yanaşılmasına ciddi əsaslar verir. Bununla belə, Azərbaycan UNESCO ilə konstruktiv dialoq aparır və ümid edirik ki, bu missiya tezliklə baş tutacaq. Qeyd edək ki, bugünədək ICESCO, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq təşkilatlar azad edilmiş zonalarda missiyalarını həyata keçirib, şahidi olduqları erməni vəhşiliyinin dünya ictimaiyyəti tərəfindən pislənilməsi istiqamətində çağırışlar ediblər”.

Mübariz Qurbanlı vurğulayıb ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir: “Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Bütün dini konfessiyaların dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunması - hər il dövlət başçısı tərəfindən dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması, bütün ibadət ocaqlarının təmənnasız təbii qazla təmin edilməsi, ölkə ərazisindəki bütün tarixi-dini abidələrin, həmçinin ibadət evlərinin mütəmadi təmir-bərpa edilməsi və s. işlər milli-mənəvi dəyərlərimizə diqqət və qayğının ən bariz nümunələrindəndir. Dövlət tərəfindən bərpa edilərək mühafizə olunan abidələr arasında Bakının mərkəzindəki Erməni apostol kilsəsi də vardır. Hazırda Prezident Kitabxanasının balansında olan kilsədə nadir erməni ədəbiyyat fondu və depozitar fond saxlanılır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın himayəsi ilə xarici ölkələrdə dini abidələrin bərpasına hərtərəfli yardımlar edir. Bakıda katolik və pravoslav kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir edilib və ya tikilərək insanların istifadəsinə verilib.

Beləliklə, möhtərəm Prezidentimizin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun şücaəti ilə Erməni-qriqoryan Kilsəsinin rəhbərləri tərəfindən bu torpaqlarda qalmaq məqsədilə çoxlu sərmayə ilə yaradılmış hərbi istehkamlarla yanaşı, “ideoloji istehkamlar” da darmadağın edilmişdir. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sahib olduğu mədəni və dini irsə, o cümlədən Qafqaz Albaniyasına və ümumilikdə xristian dininə məxsus tarixi-dini abidələrə qarşı beynəlxalq normalara uyğun münasibəti bir daha dünya ictimaiyyətinə nümayiş etdirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR