"İran tərəfindən Azərbaycana qarşı edilən hərəkətlər Ermənistanla sıx əlaqələrindən irəli gəlir".
APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, eyni zamanda İran Azərbaycanın güclənməsi, 44 günlük Vətən müharibəsində işğala məruz qalmış torpaqlarımızın azad edilməsi və Prezident İlham Əliyevin bölgədə apardığı siyasət, xüsusilə Azərbaycanın dünya miqyasında və bölgədə söz sahibinə çevrilməsi İranı və onun hakim dairələrini qıcıqlandırır.
"İran müstəqilliyimiz bərpa olunandan bu yana ölkəmizə qarşı təxribatçı hərəkətlərini davamlı olaraq həyata keçirir. İran siyasi dairələrinin işlətdiyi "qırmızı xətt" kimi terminləri çox anormal görünür. "Qırmızı xətt" dedikləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan işlər, Zəngəzurla bağlı məsələlər və digərləri Ermənistan bizim ərazilərimizi işğal edəndə niyə yada düşmürdü?! İndi Azərbaycan öz ərazisini bərpa edib, burada böyük layihələr həyata keçirəndə "qırmızı xətt" deyərək, buna qarşı çıxır. Paralel olaraq da İran Ermənistana hərtərəfli dəstək göstərir" - deyə Komitə sədri əlavə edib.