2021-ci ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutulan 5847 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
APA xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn kollegiya iclasında DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə bildirib. O qeyd edib ki, ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilən 260 adda dini ədəbiyyat ekspertizadan keçirilib. Həmçinin hüquq mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 104 adda dini təyinatlı ədəbiyyatdan zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edilənlər müəyyən olunub. Hesabat dövründə 415 adda (752 560 ədəd) dini təyinatlı ədəbiyyata nəzarət markaları verilib.
Çingiz Səfərli