“Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirilib

“Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirilib
# 21 dekabr 2023 13:23 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, QMİ sədrinin müavini Fuad Nurullayev, BBMM-nin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, arximandrit Aleksi Nikonorov, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Prezident İlham Əliyevin siyasəti bütün sahələrdə uğurla davam edir:

"Azərbaycan dünyaya müsəlman ölkəsi olaraq nümunələr verib. Xarici ölkələrdə keçirilən tədbirlərdə, o cümlədən ölkəmizə gələn din sahəsindəki mütəxəssislər Azərbaycanın din modeli, burada yaşayan müxtəlif dini nümayəndələrə xüsusi diqqətin olmasını xüsusi vurğulayırlar. Azərbaycanda müxtəlif dinlərə mənsub insanların birgə yaşayışı və onların burada azad şəkildə dini ibadətlərin edilməsi yaradılan şərait yüksək qiymətləndirilir. Prezidentin din sahəsində yeritdiyi siyasətlə din xadimləri üçün hər sahədə şərait yaradılıb.Təkcə islam din xadimlərinə deyil, dini konfessiyalara maddi dəstək ayrılması dövlətin dinə olan qayğısıdır".

Konfransda iştirak edən digər qonaqlar da prezident İlham Əliyevin İslam dini, ümumilikdə Azərbaycanın dəyərlər sisteminin qorunması və inkişafına göstərdiyi xüsusi diqqət və qayğı ilə bağlı məqamlardan bəhs ediblər. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilməsi, bu gün ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələrinə diqqət və qayğının göstərilməsi, hər il dövlət büdcəsindən dini icmalara yardımlar ayrılması, dini bayram və mərasimlərin dövlət səviyyəsində qeyd edilməsi diqqətə çatdırılıb.

Konfrans müzakirələrlə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR