Qaribaşvili müsəlman icmasının şərəfinə iftar süfrəsi verib - FOTO

Qaribaşvili müsəlman icmasının şərəfinə iftar süfrəsi verib - FOTO
# 20 aprel 2023 11:45 (UTC +04:00)

Gürcüstan Baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman icmasının şərəfinə iftar süfrəsi verib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Gürcüstanın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Gürcüstan müsəlmanlarının şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, eləcə də dövlət və hökumət nümayəndələri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Baş nazir Qaribaşvili qeyd edib ki, iftarın birlikdə qeyd edilməsi birliyin, qardaşlığın və dostluğun daha bir sübutudur.

Hökumət başçısı Gürcüstanda tarixən müxtəlif dinlərdən olan insanların dinc şəkildə birlikdə yaşadığını və ölkəsinin tolerantlıq mərkəzi olduğunu qeyd edib.

“Mən dostlarımı, əziz müsəlman icmamızın ruhani rəhbərlərini xüsusi ehtiramla salamlayıram. Bütün müsəlmanları, ölkəmizin bütün vətəndaşlarını müqəddəs Ramazan ayı münasibətilə təbrik etmək istəyirəm. Biz bu ənənəyə bir neçə il əvvəl başlamışıq və onu uğurla davam etdiririk. İftarın keçirilməsi birliyimizin, qardaşlığımızın, dostluğumuzun daha bir sübutudur. Bilirsiniz ki, biz bir-birimizin inancına, adət-ənənəsinə, mədəniyyətinə xüsusi hörmətlə yanaşırıq. Bu, bizim hamımızın fəxr etdiyimiz bir xəzinədir. Bu, atalarımızdan bizə qalan mirasdır. Ona görə də hər bir hökumət bu irsi, bu xəzinəmizi qoruyub saxlamağa, möhkəmləndirməyə və gələcək nəslə ötürməyə borcludur. Ölkəmiz müsəlman icmasının birliyi baxımından da unikaldır. Bu torpaqlarda sünnilər, şiələr, gürcülər, azərbaycanlılar, kistinlər, inquş müsəlmanları dinc yanaşı yaşayırlar. Biz zəhmətkeşliyi və ölkəyə sədaqəti ilə seçilən icmanızın vətənimizin tərəqqisinə və qüdrətlənməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk".

Baş nazir bu günədək Gürcüstanda Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən 228 məscidin müsəlmanlara təhvil verildiyini, 70-ə yaxın məscidin də yaxın vaxtlarda təhvil veriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR