Qəbələdə dini konfessiya nümayəndələrinin birgə dini dua ayini təşkil edilib - FOTO

Qəbələdə dini konfessiya nümayəndələrinin birgə dini dua ayini təşkil edilib - FOTO
# 11 noyabr 2023 15:06 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Alban-Udi Xristian dini icmasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilən və Vətən Müharibəsi günlərində istifadəyə verilən Məryəm Ana kilsəsində ölkəmizdə fəaliyyət göstərən dini konfessiya nümayəndələrinin birgə dini dua ayini təşkil edilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, dua mərasimindən əvvəl dini konfessiya nümayəndələrinə Məryəm Ana kilsəsi barədə məlumat verilib, bərpa və restavrasiyası müddətində həyata keçirilən işlərdən danışılıb. Daha sonra kilsənin daxilində şamlar yandırılıb, birgə yaşayış mövzusunda sərgiyə baxış keçirilib.

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dinlərin nümayəndələri öz ana dillərində ölkəmizin birlik və bərabərliyi üçün dua edib, şəhidləri rəhmətlə anıb, qazilərə şəfa diləyib. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, alban məbədlərinin eləcə də ölkəmizdəki digər dini mərkəzlərin vaxtaşırırı təmiri tolerantlığa gözəl nümunədir.

Azərbaycan Bibliya cəmiyyətinin sədri Rasim Xəlilovun sözlərinə görə, bu gün Azərbaycanda elə möhtəşəm proseslər baş verir ki, təkcə xalqlar deyil, həm də dinlər, insanlar birləşir:

“Bəzən tolerantlq haqda sual verirlər. Qeyd edim ki, Azərbaycan xalqı üçün bu heç də yeni ifadə deyil. Tolerantlıq Azərbaycan xalqının qanındadır. Biz elə bir ölkədə yaşayırıq ki, buradakı tolerantlıq mühitini digər dünya ölkələrinə nümunə göstərə bilərik”.

Qeyd edək ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzidir. Bu mənada Qəbələnin Nic qəsəbəsi təkcə ölkəmizdə deyil, dünyada tolerant mərkəzlərindən biri kimi tanınır. Bu qəsəbədə iki məscid və üç kilsə fəaliyyət göstərir. Udilər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim adət-ənənələrini qoruyub saxlaya biliblər. Qəsəbədə Azərbaycan Udi Ocağının yaradılması multikulturalizmin daha da inkişafı yolunda mühüm addım kimi qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR