Qəbələnin Nic qəsəbəsində Milad bayramı qeyd edilib - FOTO

Qəbələnin Nic qəsəbəsində Milad bayramı qeyd edilib - FOTO
# 07 yanvar 2024 11:53 (UTC +04:00)

Qəbələ rayonunun Nic qəsəbəsində İsa Peyğəmbərin mövludu günü - Milad bayramı münasibətilə bayram mərasimi keçirilib.

APA-nin Şirvan bürosu xəbər verir ki, qəsəbədə yaşayan udilər səhər saatlarında qəsəbə ərazisində olan “Cotari” kilsəsində təşkil edilən bayram mərasiminə toplaşıblar.

Alban-Udi xristian dini icmasının sədr müavini və kilsənin keşişi Rafiq Danakari Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün Azərbaycanda yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıb.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin bayram təbriki səsləndirilib. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.

Alban-Udi xristian dini icmasının sədri Robert Mobili deyib ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər.

Qəsəbə sakinləri Nicdəki “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpasını tolerantlığa bariz nümunə olduğunu qeyd edərək deyiblər ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli sayılır.

Xatırladaq ki, altı min nəfər əhalisi olan Nic qəsəbəsində 3500-dən çox udi yaşayır.

Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Qəsəbədə üç kilsə və iki məscid var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR