QMİ-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar iclas keçirilib, bəyanat qəbul edilib - FOTO

QMİ-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar iclas keçirilib, bəyanat qəbul edilib - FOTO
# 18 yanvar 2024 12:10 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin növbədənkənar prezident seçkiləri ilə əlaqədar ümumi iclası keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçiriləcək. Onun sözlərinə görə, ən yeni tariximizdə yeni mərhələni ehtiva edən bu seçkilər müstəqil Azərbaycanda qalib xalqın zəfər qürurlu ilk seçkisidir:

"Xüsusi əhəmiyyət daşıyan bu seçkilər biz dindarlar, din xadimləri üçün özəl məna kəsb edir. Şükürlər olsun, artıq məscidlərimiz əsarətdən qurtulub, Qarabağın məscidlərində azan səslənir, bayram namazları qılınır, imamlarımız dini vəzifələrini yerinə yetirirlər. Qarabağ torpağı əsl sahiblərinə qaytarılıb, məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdırlar, tarixi məscid və ziyarətgahlarımız yenidən dirçəldilir, nəfis şəkildə bərpa olunur.

Bu danılmaz həqiqətdir ki, xalqımızın ən ülvi arzularını həyata keçirməyi tarixi missiya olaraq üzərinə götürən, millətimizə verdiyi vədi, müqəddəs məkanda - Kəbə Evində etdiyi əhdi gerçəkləşdirmiş dahi Azərbaycan oğlu İlham Əliyev öz adını əməlləri ilə xalqın qəlbinə, tariximizin salnamələrinə həkk etməyə müvəffəq oldu. 2020-ci ildə Şuşanın Fatehi olan, 2023-cü ilin 15 oktyabrında separatizm yuvasını birdəfəlik ləğv edib üçrəngli bayrağımızı Xankəndində ucaldan, ərazi bütövlüyümüzü və dövlətimizin suverenliyini tam bərpa edən Azərbaycanın müzəffər Ali Baş Komandanı Prezidentimiz İlham Əliyev bizləri illərlə həsrətində olduğumuz arzulara qovuşdurdu".

QMİ sədri qeyd edib ki, tarix yazmaq, tarixi yaratmaq hər kəsə nəsib olmur, bu yalnız dahi şəxsiyyətlərə nəsib olan məqamdır. Uca Allahın lütfüdür ki, Azərbaycan xalqına məhz belə bir tarixi şəxsiyyət rəhbər olaraq nəsib olub:

"Allah Evləri inşa etdirən, bərpa və yenidən quran, Qarabağ məscidlərini bizə qaytaran dövlət başçımızla bütün millətimiz, o cümlədən, dindarlar ürəkdən fəxr edirlər. Həqiqətən, Allah-Təalaya xoş gedən əməllər sahibi İlham Əliyevin, onun siyasi müstəvidə silahdaşı və yardımçısı Mehriban xanımın varlığı bizim üçün böyük nemətdir. Milli-mənəvi, dini dəyərlərimizə hamilik edən, onlara ehtiram, dindarlara qayğı ilə yanaşan dövlət rəhbərimiz xalqımızın iftixar mənbəyidir".

Allahşükür Paşazadə, həmçinin əlavə edib ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar QMİ bütün Azərbaycan dindarlarına, din xadimlərinə müraciət hazırlayıb.

"Din xadimləri bu müraciətdəki müddəaları bir yol xəritəsi kimi qəbul edərək, məscidlərdə, habelə ictimai tədbirlərdə buna istinad etməlidirlər. Bu müraciət bütün qazılara, imamlara, səlahiyyətli nümayəndələrimizə xitabən seçkilərdə yaxından, fəal iştirak etməyi tövsiyə edir. Məscidlərdə moizə və xütbələrdə dindarlara ölkəmizin həyatında ən önəmli hadisə olaraq seçkilərdə iştirak etmək, öz vətəndaşlıq vəzifəsini yerinə yetirərək, səsvermədə fəallıq göstərmək, istədikləri namizədə səs vermək hüququndan istifadə etmək fikri təşviq olunmalıdır. Qalib Azərbaycan Respublikasının vətəndaşı kimi hər birimiz bu məsuliyyəti dərk etməliyik. Tariximizin şanlı, taleyimizin uğurlu, gələcəyimizin nurlu və aydın olması üçün namizədlər siyahısından ən layiq olanını seçməliyik. Bildiyiniz kimi, İslamda azad seçim anlayışı çox böyük önəm kəsb edir. Azərbaycandakı dünyəvi prinsiplərə əsaslanan müasir seçki sistemində də dindarlarımızın fəal mövqedən çıxış etməsi təqdir olunur. Azərbaycanda din dövlətdən ayrı olsa da, vətəndaşlıq vəzifəsində dindar dövlətindən və ictimai həyatdan heç zaman ayrı olmamışdır və inşallah, olmayacaq" - deyə QMİ sədri vurğulayıb.

Daha sonra digər dini konfessiya rəhbərləri çıxış edib, seçkilərdə iştirakın vacibliyini vurğulayıblar.

Sonda dini konfessiya rəhbərlərinin prezident seçkiləri ilə əlaqədar müraciəti səsləndirilib.

Müraciətdə deyilir:

"Biz, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dindarları – müsəlman, xristian və yəhudi dini icma nümayəndələri, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə – Prezident seçkiləri ilə əlaqədar bir araya gələrək, aşağıdakıları bəyan etməyi öz vətəndaş borcumuz hesab edirik.

Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir. Vətən müharibəsində tarixi ədaləti və ərazi bütövlüyünü, Xankəndi zəfəri ilə suverenliyini tam bərpa etmiş Azərbaycan xalqı yeni siyasi reallıqlar müstəvisində 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərinə hazırlaşır. Bu seçkilər müstəqillik tariximizdə bütün Azərbaycan Respublikası ərazisində həyata keçiriləcək ilk seçki olaraq xüsusi önəm, tarixi dəyər kəsb edir. Xalqımıza hamılıqla növbəti seçkilərə qatılmaq və müstəqil iradə ortaya qoymaq fürsəti verilib.

Ulu Öndərin vəsiyyətlərini, Azərbaycan xalqına verdiyi vədləri əsl övlad qeyrətiylə yerinə yetirən möhtərəm Prezidentimiz İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi zəfərlərə görə hər bir azərbaycanlının qəlbində özəl yeri vardır. Həqiqətən, Vətəni ucaldanların, tarix yaradanların, xilaskarlıq missiyasını şərəflə yerinə yetirən liderlərin məqamı millətin qəlbidir. Azərbaycanın ən yeni tarixinin memarı, qalib sərkərdə, ölkəmizi uzun sürən işğal və separatizm bəlasından xilas edən müzəffər Ali Baş Komandanımız hər bir azərbaycanlının sonsuz məhəbbət, dərin etimad və minnətdarlıq borcunu haqq edib. Xalqımız Uca Allahın köməyi ilə Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı ətrafında sıx birləşərək Ali Baş Komandanın əzmi və iradəsi, şanlı ordumuzun rəşadəti ilə məkrli düşmənə diz çökdürüb. Mübarək üç rəngli bayrağımızı Qarabağda və işğaldan azad edilmiş bütün ərazilərimizdə yüksəldən belə bir milli rəhbər və dövlət başçısı Ulu Tanrının bizlərə əvəzsiz Lütfüdür. İlham Əliyev Qarabağın xilaskarı olaraq öz adını Azərbaycan tarixinə əbədi həkk edib.

Bu gün qürur ünvanımız Şuşanın, şərəf məkanımız Xankəndinin azad edilməsinə, nisgilli Xocalının Vətənə qovuşmasına görə hər bir azərbaycanlının qəlbində özəl bir iftixar və minnətdarlıq borcu vardır. Mübaliğəsiz demək olar ki, Azərbaycan xalqı onilliklər ərzində həsrətində olduğu arzularına çatıb, millət və dövlət olaraq beynəlxalq müstəvidə ədaləti bərpa etmək qüdrətində olduğunu sübut edib. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda Böyük Qayıdış Proqramı çərçivəsində nəhəng quruculuq işləri aparılaraq həyat yenidən dirçəldilir və erməni vandalizminin ağır nəticələri aradan qaldırılır.

2003-2023-cü illər ərzində Azərbaycanda yüzlərlə tarixi məscid və ziyarətgahlar, eləcə də kilsə və sinaqoqlar təmir olunmuş, yeniləri inşa edilib. Bu sahədə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun həyata keçirdiyi “Tolerantlıq ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkəmizin bölgələrində, o cümlədən xaricdə müxtəlif dinlərə mənsub onlarla tarixi-dini abidə bərpa olunub və yenidən qurulub.

Prezident İlham Əliyevin tapşırığı əsasında Bakıda tikilən “Heydər” məscidi, yenidən qurulmuş “Bibiheybət” və Gəncə şəhəri “İmamzadə” məscid-ziyarətgah kompleksləri, eləcə də “Təzəpir”, “Əjdərbəy”, Şamaxı “Cümə”, Şuşa şəhəri “Yuxarı Gövhər ağa” məscidləri və s. bu gün İslam mədəniyyətinin inciləri sırasındadır. Hazırda işğaldan azad olunmuş şəhər və kəndlərimizdə tarixi məscidlərin bərpası, eləcə də yeni ibadət ocaqlarının tikintisi davam etdirilir.

Ölkədə fəaliyyət göstərən bütün dini konfessiya və icmalara dövlət büdcəsindən hər il milyonlarla manat dəyərində maddi vəsait ayrılır, din xadimlərinin maddi təminatının yaxşılaşdırılması üçün yardımlar edilir.

Prezident İlham Əliyevin dini cameə ilə mütəmadi görüşləri, ibadət yerlərinin açılışında şəxsən iştirakı, əlamətdar bayramlar münasibəti ilə dini icmalara rəsmi təbrik məktubları ünvanlaması, tanınmış din xadimlərinin yüksək dövlət mükafatlarına layiq görülməsi ölkə başçısının cəmiyyətdə dinin roluna, sağlam mənəvi-əxlaqi dəyərlərin təbliğinə və təşviqinə xüsusi diqqət və qayğısının bariz nümunəsidir.

Azərbaycan dünyada tolerantlığın və multikultural dəyərlərin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanıldığı və təşviq edildiyi azsaylı ölkələrdəndir. Bu gün Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına ciddi töhfələr verən beynəlxalq platformaların reallaşmasında, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və dəstəyi ilə mədəniyyətlərası dialoqla bağlı 2008-ci ildə Avropa və digər region ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə Bakıda keçirilən mötəbər tədbirdə "Mədəniyyətlərarası dialoqun təşviqinə dair "Bakı Bəyannaməsi" qəbul edilib və bununla da “Bakı Prosesi” adlı platformanın əsası qoyulmuşdur. 2011-ci ildən etibarən Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, Bakı Qlobal Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Dünya dini liderlərinin I və II Sammiti kimi silsilə beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında, 120 ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatında uğurla fəaliyyət göstərməkdədir. 2024-cü ildə BMT-nin iqlim dəyişiklikləri probleminə dair COP 29 kimi nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi qərarı dövlətimizin növbəti böyük uğurudur.

Bütün bunlar Azərbaycanda dövlət-din münasibətləri, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq sahəsində həyata keçirilən ardıcıl siyasətə yüksək etimadın və Prezident İlham Əliyevin şəksiz beynəlxalq nüfuzunun göstəricisidir.

Dövlət başçısının təşəbbüsü ilə 2016-cı ildə Azərbaycanda “Multikulturalizm ili”nin, 2017-ci ildə “İslam həmrəyliyi ili”nin elan edilməsi, həmin il Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunması ölkəmizin İslam birliyinə və həmrəyliyinə, eləcə də cəmiyyətdə tolerantlığın və multikultural dəyərlərin təbliği və təşviqinə verdiyi dəyərli töhfələrdir.

2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan və 2024-cü ildə Şuşa şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması ölkəmizin İslam aləmində qazandığı nüfuzu göstərir.

Dilindən və dinindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları dövlətin diqqət və qayğısını eyni dərəcədə hiss edirlər. Biz dindarlar fəxr edirik ki, artıq azad Qarabağda məscidlərin minarələrindən azan səsləri ucalır, müqəddəs məkanlarımız və digər dinlərə məxsus məbədlərimiz əsarətdən qurtulmuşdur. Müdrik dövlət rəhbərimiz İlham Əliyev cənablarının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərə şəxsi diqqət və qayğısı qəlbimizi iftixarla doldurur.

Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bundan sonra da tərəqqi və inkişaf yolu ilə irəliləyəcək, hər zaman yeni uğurlara imza atacaq.

Səmavi dinlər insanın azad seçim hüququnu təsbit edir, rəhbər, öndər, ixtiyar sahibinin seçiminə böyük əhəmiyyət verir. Uca Yaradanın Zəbur, Tövrat, İncil, Quran kitablarında təlqin olunan dəyərlərlə dünyəvi həyatımıza nəzər salsaq, görərik ki, yaşadığı cəmiyyətin inkişaf və tərəqqisini istəyən hər bir insan haqqı nahaqdan seçməyi bacarmalı, həmişə Haqqın və Ədalətin yanında olmalıdır. Müqəddəs kitablarımızda Ulu Tanrı bizə əta etdiyi əmanətləri haqq sahiblərinə, layiq olanlara verməyi əmr edir. Din dünyəvi dövlətdə siyasətdən ayrı olsa da, dindar şəxs ölkəsinin vətəndaşı kimi taleyüklü məsələlərdə yaxından iştirak etməli, əsl vətəndaş fəallığı göstərməli, düzgün seçim edərək öz səsini ən layiqli namizədə verməlidir.

Ölkəmizin ərazi bütövlüyünü bərpa edən, Qarabağ probleminə son qoyan, milli dəyərlərimizə və mənəvi irsimizə sahib çıxan, Birinci və İkinci Qarabağ müharibələrinin, 20 Yanvar və Xocalı şəhidlərinin qanını yerdə qoymayan, düşmən üzərində möhtəşəm tarixi Zəfərlə onların müqəddəs ruhlarını sevindirən dəmir yumruqlu qalib sərkərdə, müdrik dövlət rəhbəri İlham Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri göz önündədir. Hər birinizi Azərbaycanımız və xalqımız üçün önəmli mahiyyət daşıyan növbədənkənar prezident seçkilərində fəal iştiraka və gələcəyimiz naminə doğru seçim etməyə, ən layiqli namizəd – dövlət başçımız İlham Əliyev cənablarına səs verməyə çağırırıq.

Uca Yaradanın Lütf və Mərhəməti hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar olsun! AMİN!

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski

Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR