Bank Of Baku

QMİ-də Xocalı soyqırımının ildönümünü ilə bağlı tədbir keçirilib - FOTO

QMİ-də Xocalı soyqırımının ildönümünü ilə bağlı tədbir keçirilib - FOTO
# 22 fevral 2022 15:30 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsində Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

APA xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şüyxülislam Allahşükür Paşazadə bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.

O deyib ki, 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqın, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Xocalı soyqırımına hüquqi qiymət verilməlidir və bu qiymət ədalətli olmalıdır: "Xocalı soyırımı tanınmalıdır. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbəliyi ilə illərdir ki, Xocalı soyqırımına ədalətli hüquqi qiymət verilməsi üçün işlər görür. Təəssüf ki, bəzən ikili standartlar olur. Bu məsələ siyasi deyil, hüquqi, insani, beynəlxalq məsələdir. Xocalıda törədilənlər azərbaycanlılara qarşı olsa da, ümumilikdə bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir. Özünü bəşəriyyətin nümayəndəsi sayan hər bir kəs Xocalıya ədalətli qiymət verilməsi üçün çalışmalıdır”.

Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev də Xocalı faciəsi haqda fikirlərini bölüşüb və 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulduğunu bildirib: "Bu gün Qarabağda elə möhtəşəm əsər yaranır ki, əsrlər boyunca Azərbaycanda yaşayan xalqlarla birgə möhtəşəm günlər görəcəyik. Bu qələbəmizdə payı olan bütün xalqımıza təşəkkür edirəm. Biz yəhudilər heç vaxt Azərbaycandan kənara düşməmişik və hər zaman Azərbaycanı öz ana vətənimiz bilmişik".

Azərbaycandakı Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobilinin sözlərinə görə, Xocalı elə bir yaşayış məskəni idi ki, Azərbaycan xalqının qədim dövrlərdən bu günə kimi bütün dəyərləri özündə yaşadırdı: “Lakin bu qırğına kimi də Azərbaycanın bir çox yaşayış məntəqələri belə vəhşicəsinə dağıdılıb, xalqımız soyqırıma məruz qalıb".

O bildirib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi üçün Laçın və Kəlbəcərdə tədbirlərin keçirilməsinə hazırlaşırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR