Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 16 fevral tarixində KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının videokonfrans formatında keçirilən növbədənkənar sessiyasında iştirak edib.
QMİ-dən APA-ya verilən xəbərə görə, Shanti Ashram təşkilatının direktoru Dr. Kezevino Aramın sədrliyi ilə keçən sessiyada Şeyxülislam A. Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi Dr. Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist təşkilatının Prezidenti Koşo Nivano, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Dr. Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen iştirak ediblər.
QMİ sədri Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını və öz xeyir-dualarını iştirakçıların diqqətinə çatdırıb. Daha sonra gündəlikdə duran, müzakirə olunan məsələlər, o cümlədən, Mərkəzin Strateji planı barədə öz fikir və tövsiyələrini onlayn sessiya iştirakçılarının diqqətinə çatdırıb.
Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso QMİ sədri Şeyxülislam A. Paşazadənin bu yaxınlarda Vatikana səfəri üzərində vurğu edərək, onun Papa Fransisklə görüşünün dinlərarası dialoqun inkişafına töhfə olduğunu xüsusi qeyd edib.