"İslamofobiya Avropada səlib yürüşlərindən sonra daha geniş yayılıb və olduqca çox sayda zorakılıq hallarına səbəb olub".
APA xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov "Avropada anti-müsəlman qanunvericiliyin institutlaşdırılması. Radikallaşma fonunda islamofob ritorika" mövzusunda keçirilən panel müzakirəsində bildirib.
O, Avropada İslam dini əleyhinə yazılan məqalələrin islamofobiya meyillərinin daha da gücləndirilməsində rol oynadığını qeyd edib.
Rektor Avropa cəmiyyətində islam dininə aid mənfi rəyin formalaşmasında xristian teoloqların da iştirak etdiyini vurğulayıb: "Əfsuslar olsun ki, islam və müsəlmanlarla bağlı yazılanlar və tədris edilənlər dinşünas alimlər tərəfindən tədqiq edilib. 1850-ci ildə Məhəmməd peyğəmbəri tənqid edən şəxs Əndəlusda cəzalandırılıb. İslama qarşı vaxtaşırı müxtəlif uydurmalar da yazılmağa başlayıb, Məhəmməd peyğəmbər bu yazılarda antixrist kimi qələmə verilirdi. İslamı tədqiq edənlər bütün bunları bilirdi. Qərbi Avropada İslam dünyasında görkəmli alimlərin olduğunu bilirdilər, lakin İslama orada münasibət mənfi idi".
Aqil Şirinov çıxışında, həmçinin, səlib yürüşlərinin Avropada antimüsəlman çıxışlarını daha da gücləndirdiyini söyləyib.