Robert Mobili: Yaxın zamanlarda Qarabağda səhərlər azan, günortalar kilsə zəngi eşidiləcək

Robert Mobili: Yaxın zamanlarda Qarabağda səhərlər azan, günortalar kilsə zəngi eşidiləcək
# 15 noyabr 2023 12:44 (UTC +04:00)

Azərbaycan adı hər zaman bizi birləşdirən dəyərdir. Burada müsəlman da, xristian da, yəhudi də, bütün dini etiqad nümayəndələri də azərbaycanlıdır.

APA xəbər verir ki, bunu Alban-Udi xristian dini icmasının sədri Robert Mobili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda konfransda deyib.

"Biz bu birgəliyin ən yaxşı təzahürünü 44 günlük Vətən müharibəsi zamanı gördük", - o deyib.

Robert Mobili Azərbaycandakı mövcud tolerantlıq təzahürlərinə diqqət çəkib: "Bizim ətrafımız müsəlman mühitidir. Onların içərisində bizlər, digər dini etiqad nümayəndələri mehriban formada yaşayır. Tolerantlıq məhz budur. Bu bir dəyərdir".

İcma sədri ermənilərin mədəni irslə bağlı saxtakarlıq cəhdlərinə toxunub: "Ermənilər Qarabağdakı mədəni irsin guya erməni mədəni irsi olması, oradakı alban kilsəsinin erməni kilsəsi olmasını və Azərbaycanın onları zəbt eləməsini iddia edir. Xeyr, o mədəni irs alban mədəni irsidir. Bu danılmaz faktdır. Oradakı məbədlər, mədəni irs, alban kilsələri saxtalaşdırılıb. Və həmin abidələrdə vandalizm halları açıq-aşkar görünür. Mən orada dəfələrlə olmuşam, gördüklərim məni dəhşətə gətirib. Bu 30 ildə ermənilər zərrə qədər infrastruktur layihəsi həyata keçirməyib, yalnız dağıdıcılıq, talançılıq, vəssalam. Bu nə deməkdir? Bu o deməkdir ki, o torpaq bizimdir, bizə aiddir, oradakı mədəni irs də bizimdir".

Alban-Udi xristian dini icmasının sədri Ermənistanın monoetnik ölkə olmasını xüsusi vurğulayıb: "Bizdə xristian abidələri olsun, digərləri olsun, fərqi yoxdur, hamısı qorunur, bərpa olunur. Mən inanıram ki, yaxın zamanlarda Qarabağda səhərlər azan, günortalar isə kilsə zəngi eşidiləcək. Bu Azərbaycanda yaşayan bütün millətlərin istəyidir, arzusudur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR