"Ulu Öndər və Milli Mənəvi Dəyərlərimiz" adlı konfrans keçirilib

"Ulu Öndər və Milli Mənəvi Dəyərlərimiz" adlı konfrans keçirilib
# 16 noyabr 2023 13:30 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən "Ulu Öndər və Milli Mənəvi Dəyərlərimiz" adlı konfrans keçirilib.

APA xəbər verir ki, konfrans başlamazdan öncə iştirakçıların Fəxri Xiyabana ziyarəti baş tutub. Konfrans Dövlət Himnimizin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ulu Öndərin və onun davamçısı kimi Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə qayğısından bəhs edib:

"Ulu Öndərimizin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi. Allaha şükürlər olsun ki, xalqımız Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin bu arzusunu, Ata vəsiyyətini gerçəyə çevirdi".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə Xankəndidə Azərbaycan bayrağının dalğalanması faktını da mənəvi dəyər olaraq qiymətləndirib.

"Bu mənada Ulu Öndərin də, onun davamçısı Prezident İlham Əliyevin də azərbaycançılıq ideologiyasının mərkəzində ərazi bütövlüyümüzün bərpası dayanırdı", - o əlavə edib.

Komitə sədri milli-mənəvi dəyərlərimizin təbliği və tədrisi ilə bağlı dövlət səviyyəsində, onun dövlət siyasəti səviyyəsində atılan addımların olduqca əhəmiyyətə malik olduğunu deyib.

Konfrans daha sonra digər çıxışçıların müzakirələri ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR