IATA: Bu il dünyada hava nəqliyyatı ilə sərnişindaşıma və yükdaşımanın artacağı gözlənilir

IATA: Bu il dünyada hava nəqliyyatı ilə sərnişindaşıma və yükdaşımanın artacağı gözlənilir
# 25 fevral 2013 09:19 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində dünya üzrə hava nəqliyyatı vasitəsilə sərnişin daşımaları əvvəlki ilə nisbətən 5,3% artıb, yük daşımaları isə 1,5% azalıb.

«APA-Economics»in Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən verdiyi məlumata görə, yüklənilmənin əmsalı 79,1% təşkil edib, beynəlxalq hava daşımalarına tələbat 6%, daxili daşımalara isə 4% artıb. Hər iki tələbatın artmasına inkişafda olan bazarlar səbəb olub.

Bununla yanaşı, dünya bazarında yanacağın qiymətinin yüksək olmasına baxmayaraq, hesabat ilində aviaşirkətlər 6,7 mlrd. ABŞ dolları məbləğində mənfəət əldə edib.

Beynəlxalq daşımalar üzrə artım əsasən Yaxın Şərq (15,4%), Latın Amerikası (8,4%) və Afrikada (7,5%) qeydə alınıb. Daxili daşımalar üzrə isə ən yüksək artım Çin (9,5%) və Braziliyada (8,6%) müşahidə olunub.

IATA qeyd edir ki, artıq ikinci ildir hava nəqliyyatı ilə yükdaşımanın həcmi azalır. Belə ki, əgər 2011-ci ildə azalma 0,6% təşkil edirdisə, 2012-ci ildə 1,5%-lik azalma qeydə alınıb. Bunun əsas səbəbləri isə dünya ticarətinin azalması və daşımalarda üstünlük təşkil edən malların çeşidinin dəyişməsidir.

IATA-nın proqnozlarına görə, 2013-cü ildə hava nəqliyyatı ilə sərnişin daşımalarının 4,5%, yük daşımalarının isə 1,4% artacağı gözlənilir. Nəticədə, aviaşirkətlərin gəliri 6,7 mlrd. dollardan 8,4 mlrd. dollaradək artacaq.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanın hava nəqliyyatı vasitəsilə 1,6 mln. sərnişin və 59,1 min ton yük daşınıb. Əvvəlki illə müqayisədə sərnişindaşımanın həcmi 14,3%, yükdaşımanın həcmi isə 16,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR