Nərgiz Cəlilova: "Bizi televiziyadan qovdular" - AÇIQLAMA

Nərgiz Cəlilova: "Bizi televiziyadan qovdular" - <span style="color: red;">AÇIQLAMA
# 01 noyabr 2013 12:04 (UTC +04:00)

“Aparıcılıq mənim həyat tərzimə çevrildi, bu peşəsiz özümü təsəvvür edə bilmirəm. AzTV-nin keçirdiyi müsabiqəni qazananda 22 yaşım vardı. Neft və Kimya İnstitutunu bitirmişdim, buna baxmayaraq, uşaqlıqdan ictimaiyyətçi olmuşdum, görünür, bu, təsadüf deyildi. Məktəb vaxtı tədbirlərdə aparıcılıq etmək köməyimə çatdı, müsabiqəni qazandım. 1983-cü ildən televiziyada və səhnələrdə çalışıram. Nə qədər ki, sağam, işləyəcəyəm”. Bu fikirləri APA TV-nin “Üç valet” verilişinin qonağı, aparıcı Nərgiz Cəlilova deyib.



Nərgiz Cəlilova o zaman keçirilən müsabiqədən cəmi iki nəfərin keçə bildiyini deyib: “O zaman müsabiqədən iki nəfər keçə bildi. İlk dəfə 30 il əvvəl, Novruz bayramı ərəfəsində - “Salam, hörmətli tamaşaçılar”, - deyib efirə çıxdım. Tamaşaçı bu günə qədər də məni görmək istəyirsə, demək, əbəs yaşamamışam”.

Nərgiz xanım işinin çətinliklərindən danışıb: “Bu peşədə kiminsə sənə “daş atması” qaçılmazdır. O daşlardan biri səndən yan keçir, biri dəyir, birini qaytarırsan. İşinlə qaytarırsan”.

Aparıcı necə məşhurlaşmasının sirrini açıqlayıb: “Mən yalnız peşəmlə, işimlə gündəmdə qala bilirəm. Populyarlıq yox, rəğbət qazanmağı sevirəm. Uyğunlaşmağı bacarıram, diktorluqdan aparıcılığa və sair. Mən diktorluqdan aparıcılığa keçib dərhal müsahibimə sərbəst suallar verə bildim. Zaman da bunu tələb edirdi. Akademik aparıcı kimi heç ağlıma gəlməzdi ki, nə vaxtsa toy mərasimlərini aparacağam. Zaman dəyişdi, tələbat dəyişdi, bunu da elədim. Səhnəyə aid nə mərasim varsa, hamısında aparıcı olmuşam”.

Nərgiz xanım toylarda aparıcılıq etməyin daha çətin olduğunu deyir: “Təsəvvür edin ki, 2 saatlıq bir proqramı əvvəlcədən hazırlanmış ssenari üzrə aparırsan, buna hazırsan. Amma toy mərasimində heç bir ssenari olmadan altı saat ərzində məclisi idarə etməlisən. Bu, çox çətindir. İmprovizə etmək anlayışını başa düşə bilmirəm, çünki bunun üçün işin içində olmalısan, balıq suda olduğu kimi. Mən buna da hazırlıqlı gedirəm. Toy əhlinə də tamaşaçı gözü ilə baxıram. Əgər bir ailə ən xoşbəxt günündə sənin məclisdə çıxışını istəyirsə, bundan gözəl nə ola bilər? Bu mənim üçün də maraqlıdır”.

Hər insan üçün şəraitə uyğunlaşmağı vacib hesab edən aparıcı deyib: “Yaxşı ki, hər işə tez uyğunlaşa bilirəm, bunu bacarmasaydım, mənim üçün çətin olardı. İllər uzunu bədii-publisistik proqramlarda, ictimai-siyasi, musiqili-əyləncəli verilişlərdə aparıcılıq etmişəm. Bəlkə mən toya elitarlıq, günün tələbinə uyğun mədəniyyət gətirirəm?”

Nərgiz xanım mütaliəni çox sevir: “Konkordiyanın “İki həyat” əsərini oxuyuram. Oxumağı çox sevirəm, uşaqlara da deyirəm ki, aparıcı olmaq üçün çox mütaliə etmək lazımdır. Üç il kitab müsabiqəsinin münsiflər heyətində oldum. Birinci müsabiqədə Elxan Qaraqanın romanı qalib gəlmişdi. İkincinin qalibi Pərvizin “Yad dildə” əsəri idi. Ancaq mənim ən sevdiyim əsər Azər Abdullanın “Sarı tağ” əsəri olmuşdu. Onu oxumağı tövsiyə edirəm. Əsər Göyçə torpağında bitən bir ağac haqqındadır”.

Nərgiz Cəlilova 20 yanvar hadisələrində televiziyada baş verənləri belə xatırlayır: “1990-cı ildə televiziya partladılmazdan əvvəl bizi otaqlarımızdan çıxmağa qoymadılar, sonra da öz silahlılarımız bizi qovdular. Bir neçə gün işıq olmadı, televiziya işləmədi. Mən Badamdarda yaşayırdım, Rafiq müəllim zəng elədi ki, sən yaxındasan, gəl televiziyaya. Əli silahlı əsgərlər məni efirə ötürdülər və əlimə bir mətn verdilər ki, oxu. Televiziyadakı vəziyyət mənə elə təsir etmişdi ki, sanki özümdə deyildim. Həmin mətni iki dildə oxudum, amma inanın ki, nə oxuduğum yadımda deyil. Müəllif proqramlarımda rəhmətə getmiş sənətkarlardan danışanda çox kədərlənirdim. Çingiz Mustafayevin ölüm xəbərini çox çətinliklə oxumuşam”.

Nərgiz xanım ev işlərini sevmədiyini gizlətmir: “Mətbəxdə özümü tapa bilmirəm, televiziya mətbəxini sevirəm. Dostlarımla birlikdə olmağı xoşlayıram. Televiziyanı izləməyi, canlı efirdə olmağı çox sevirəm. Montajda verilişin suyunun suyu qalır. Amma canlı söylədiyim söz təbiidir, yanlış da olsa, təbiidir”.

Uzun illər televiziyada çalışmaq Nərgiz xanıma çox şey öyrədib: “Çox böyük peşəkarlarla, maraqlı adamlarla işləmişəm. Çox şeylər yaşamışam, ictimai formasiyaların dəyişməsi, siyasi hadisələr...”

Nərgiz Cəlilova sevgi barədə sualı belə cavablandırır: “İlk dəfə birinci sinfə gedəndə sevmişəm. Amma hər yaşımda ciddi sevmişəm”.

Nərgiz Cəlilova sonda ilk efir həyəcanını xatırlayıb: “İlk efir həyəcanı indiyə qədər də var. Rafiq Hüseynov deyirdi ki, küçəyə çıxanda hamı səni tanıyacaq. Mən də ilk efirdən sonra küçəyə çıxıb elə bildim ki, hamı mənə baxır, tanıyır. Həmin gün belə olmadı, amma sonralar doğrudan da hamı məni tanıyırdı. Tanınmaq və sevilmək çox gözəl hissdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR