Rusiyanın Ukraynaya endirdiyi yeni zərbələr nəticəsində azı 6 nəfər həlak olub, Kiyevin Şimal körpüsü isə zədələnib. Hücumdan sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb və paytaxtda ciddi tıxaclar yaranıb.
AP News xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun bildirdiyinə görə, zərbə körpünün yol örtüyünə və trolleybus xətlərinə ziyan vurub.
Hadisə zamanı iki nəfər yaralanıb, onlardan biri xəstəxanaya yerləşdirilib. Rusiya Müdafiə Nazirliyi xəbəri təsdiqləyib və körpünün Ukrayna ordusunun hərbi logistikasında istifadə edildiyini söyləyib.
Bundan başqa, Xarkov və ətraf ərazilərə dron və idarəolunan bombalarla hücumlar nəticəsində 5 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Odessa vilayətində isə Rusiya zərbəsi zamanı Liberiya bayrağı altında üzən mülki yük gəmisində bir dənizçi həlak olub, üç nəfər yaralanıb.
Moldova Prezidenti Maya Sandu isə bildirib ki, Rusiya raket və dronları ölkənin hava məkanını pozub və onların bəziləri Moldova ərazisinə düşüb.