Milli Məclisin nümayəndə heyəti Çexiyada səfərdə olub

Milli Məclisin nümayəndə heyəti Çexiyada səfərdə olub
# 26 may 2016 15:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Milli Məclisinin sədr müavini, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Valeh Ələsgərovun rəhbərliyi altında azərbaycanlı deputatlardan ibarət nümayəndə heyəti mayın 23-dən 26-dək Çexiyada səfərdə olub. APA-nın Azərbaycanın Çexiyadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, səfər ərzində V. Ələsgərovun Çexiya Parlamentinin Senatı və Deputatlar Palatasının sədrləri Milan Ştex və Yan Hamaçek ilə görüşləri keçirilib.

Azərbaycan nümayəndə heyəti, həmçinin, Çexiya Parlamentində təmsil olunan əsas partiyaların rəhbərləri ilə görüşüb. Görüşlərdə Çexiya-Azərbaycan parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib və qarşılıqlı səfərlərin bu müstəvidə oynadığı əhəmiyyətli rola diqqət çəkilib. Ermənistan-Azərbaycan münaqişəsi, regionda cərayan edən hadisələrə dair fikir mübadiləsi aparılıb. Çexiya rəsmiləri Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə tənzimlənməsinin əhəmiyyətini qeyd ediblər.

Səfər zamanı V. Ələsgərov Çexiya xarici işlər naziri Lubomir Zaoralek və ticarət və sənaye naziri Yan Mladek ilə də görüşlər keçirib.

Nümayəndə heyəti 28 May - Respublika günü münasibətilə Azərbaycanın Çexiyadakı Səfirliyində keçirilmiş ziyafətdə də iştirak edib. Ziyafətə qatılan Çexiya Parlamentinin Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Hamaçek iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında tənzimlənməsinin vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR