Azərbaycanda quş qripi ilə bağlı aparılmış növbəti monitorinqin nəticələri açıqlanıb

Azərbaycanda quş qripi ilə bağlı aparılmış növbəti monitorinqin nəticələri açıqlanıb
# 20 dekabr 2013 09:47 (UTC +04:00)

Bakı. Gülnar Bəçirova – APA. Quş qripi xəstəliyinə görə dekabrın 9-dan ölkə ərazisində başlanmış növbəti monitorinq (cari ilin 6-cı nəzarəti tədbiri) zamanı seçmə üsulla ovlanaraq götürülən 26 baş çöl quşunun patoloji materialı və ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1161 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib.

Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Monitorinqin aparıldığı ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

DBX xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.

Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yanvar ayının 27-də başlanması nəzərdə tutulur.

Hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR