Təhsil naziri Mikayıl Cabbarov UNESCO-nun Baş Konfransının 37-ci sessiyasında iştirak edir

Təhsil naziri Mikayıl Cabbarov UNESCO-nun Baş Konfransının 37-ci sessiyasında iştirak edir
# 08 noyabr 2013 14:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov UNESCO-nun Baş Konfransının 37-ci sessiyasında iştirak etmək məqsədilə Fransanın paytaxtı Paris şəhərinə işçi səfər edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov bu gün Azərbaycan Respublikası adından çıxış edib. Təhsil naziri çıxışında Azərbaycanla UNESCO arasında inkişaf etməkdə olan əlaqələr, mövcud əməkdaşlığın gələcək inkişaf perspektivləri və bu ilin 18 iyul tarixində Azərbaycanla UNESCO arasında imzalanmış “Təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Saziş”inin ikitərəfli münasibətlərimizin genişlənməsinə böyük töhfə verdiyini qeyd edib. Nazir Azərbaycan - UNESCO əməkdaşlığının hazırkı inkişaf mərhələsinə çatmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolunu vurğulayıb.

Təhsil naziri Mikayıl Cabbarov Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının təhsil, elm və mədəniyyət sahəsində mənfi nəticələrə səbəb olduğunu və bu işğalın UNESCO-nun tərəfdar çıxdığı prinsip və dəyərlərə zidd olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfər çərçivəsində Mikayıl Cabbarov Türkiyənin milli təhsil naziri Nəbi Avcı və digər rəsmi şəxslərlə ikitərəfli işgüzar görüşlər keçirib.

Qeyd edək ki, UNESCO Baş Konfransının 37-ci sessiyasında sözügedən təşkilatın Təhsil Komitəsində məruzəçi vəzifəsi Azərbaycan Respublikasına həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR