2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayında azalma müşahidə edilir.
APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir.
Keçən illə müqayisədə bu il narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı faktların sayı 523, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 209, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar 149, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 100, digər növ cinayət faktların sayı 65, qrup halında olan cinayətlərin sayı isə 57 fakt azalıb.
Qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 168 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 1 ton 466 kq 653,751 qr artıb.