2023-cü ilin yanvar-noyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, cari ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9758 cinayət faktı aşkarlanıb.
Onlardan 3158-i narkotik vasitələrin qanunsuz satışı, 6276-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 294-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.