Bank Of Baku

Gəncədə küçəyə atılan azyaşlı bacı-qardaş uşaq evinə yerləşdiriləcək - YENİLƏNİB-2

Gəncədə küçəyə atılan azyaşlı bacı-qardaş uşaq evinə yerləşdiriləcək - YENİLƏNİB-2
# 25 oktyabr 2023 11:05 (UTC +04:00)

Gəncədə azyaşlı bacı və qardaşın küçəyə atılması məsələsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tam nəzarətə götürülüb, araşdırmalara başlanılıb.

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, uşaqları küçəyə atan nənə deyib ki, azyaşlıların anası narkotik aludəçisidir və tüfeyli həyat tərzi yaşayır:

“Uşaqlar bir müddət öncə nənənin qəyyumluğuna verilib. Nənə qəyyumluqdan imtina edərək uşaqları Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısına qoyub və oranı tərk etmək istəyib. Uşaqlar xəstəxanaya yerləşdirilib, İcra Hakimiyyəti tərəfindən azyaşlılarla bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin altsisteminə yerləşdirilib”.

O qeyd edib ki, Komitənin əməkdaşları tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib:

“Uşaqların vəziyyəti qiymətləndirilib, ananın narkotik aludəçisi olduğu təsdiqlənib. Hazırda uşaqlar xəstəxanata müayinə keçib, müvafiq müalicə alıblar. Komissiya tərəfindən uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilib. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək”.

***

10:34

21.10.2023-cü il tarixində saat 12:45 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 uşaq - 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və onun 4 aylıq bacısı Cəlilova Mələk Həsən qızı gətirilib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib:

"Uşaqların diaqnozları yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası olaraq müəyyən edilib. Hazırda tibb müəssisəsinin Pediatriya şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir".

***

09:24

Gəncədə körpələrin küçəyə atılmasının bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, uşaqların qəyyum olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub.

Hazırda azyaşlılar uşaq xəstəxanasındadır.

***

08:47

Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, uşaqlar bacı və qardaşdırlar.

Uşaqlardan biri 4 aylıq körpə qızdır.

Digəri isə 3 yaşlı oğlan uşağıdır.

Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətirilib.

Fuad Nazimoğlu

Aləmdə Nəsib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR