Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.
Meşəli hadisələrində zərərçəkmiş, şəhid Milli Qəhrəman Kamil Eyyubovun hüquqi varisi Esmira Eyyubova deyib ki, həyat yoldaşı könüllü olaraq orduya yazılıb: "Ermənilərin azərbaycanlılara qarşı Qarabağda törədikləri cinayətlərdən sonra yoldaşım könüllü olaraq cəbhəyə getdi. Meşəli hadisələrində ağır yaralanmışdı, mühasirəyə alıb şəhid ediblər".
Daha sonra ifadə verən zərərçəkmiş Meşəli sakini Qərib Cəbiyev deyib ki, hadisələr zamanı 10 yaşı olub. Zərərçəkmiş bildirib ki, ermənilər kəndə hücum edəndə çaydan keçib və ayaqları donub: "Üç ay müalicə aldım. Vaqif deyir ki, həmin hadisələrdə iştirak etməyib, elə deyil”.
O, Meşəliyə hücumda Badara kəndindən olan qadınların da iştirak etdiyini deyib: “Onların qadınları da gəlmişdilər. Kəndi talan edirdilər. Biz hər vəhşiliyi görmüşük. Atam kənddə qaldı döyüşdü, biz isə meşə yolu ilə kənddən çıxdıq. Həmin hadisələr zamanı anam Solmaz da xəsarət alıb. Atam sonradan danışanda hücum edənlərdən Vaqifin, qardaşının adını çəkirdi".
Proses sabah davam etdiriləcək.
***
10.55
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verir.
Prosesdə zərərçəkmiş şəxs qismində tanınan Elnarə Babayevanın məhkəməyə göndərdiyi teleqram elan olunub. O, iki azyaşlı övladı ilə Qəbələdə yaşadığını, məhkəməyə gələ bilməyəcəyini bildirib. Elnarə Babayeva istintaqa verdiyi ifadəni təsdiqləyib və Vaqif Xaçatryana ən ağır cəza verilməsini istəyib.
Prosesdə zərərçəkmiş şəxs qismində Alış Alışov dindirilib. O bildirib ki, atışma olan zaman kənddə ailəsi ilə olub: "Bunlar bizim kəndə 1000-dən çox adamla hücuma keçdilər. Badara kəndinin hamısı üstümüzə gəldi. Vaqif, Armais və digərləri orada idi. Kənd sakini Qəniməti balta ilə vurdular. Vaqifi şəxsən gördüm. Qəniməti baltalayandan sonra hətta güllələyiblər. Vaqif indi boynuna almasa da, şəxsən bu da, qardaşı da, yaxınları da Meşəli hadisələrində iştirak edib. Mən Məşəli məktəbinin direktoru olmuşam. Vaqif məni yaxşı tanıyar".
Təqsirləndirilən şəxs hadisə günü orda olmadığını iddia edib. Zərərçəkmiş isə bildirib ki, hadisə günü kənd sakini Sadayın evinin qabağında onu şəxsən görüb: "Yaşlı anamı da snayper vurub öldürdü. Bizim kəndi ilk “Alazan”la vurdular. Çörəyimizi yeyənlər bizə xəyanət elədilər. Kəndimizi mühasirəyə almışdılar. Bir Laçın istiqamətinə piyada yolumuz qalmışdı. Ev-ev, küşə-küçə döyüşlər getdi. İndi boynuna almırsan, Vaqif, adamın kişiliyi olar, boynuna al. Kəndimizdən 25 nəfər şəhid oldu, çoxusunun da meyitini yandırmışdılar. Bu dəhşətli faciə heç yerdə görülməmişdi. Ernest, Armais, Salvik, Vaqif Badara ermənilər idi, hadisələrin başında bunlar dururdu".
Vaqif Xaçatryan ittihamları qəbul etməyib.
***
10.26
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verəcək.
***
09.14
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.
Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.