Meşəliyə hücum edənlərdən biri Vaqif Xaçatryan idi.
APA xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclasında zərərçəkmiş Bəyim Rəhimova bildirib: "Meşəliyə hücum vaxtı qardaşım Salman və mən ayağımızdan xəsarət almışıq. Həmin vaxtı evdə yoldaşım, qardaşım və iki azyaşlı övladım olub. Meşəli kəndində tibb bacısı işləmişəm. Yaralılara hadisə zamanı yardım da eləmişəm. Mühasirədəydik, təchizat, kömək gəlmirdi, nə gücümüz çatırdısa, onu edirdik. Bütün yollar bağlıydı. Qarda, boranda bircə Laçın yolu vardı. Biz yaralıların bəzilərini piyada həmin yolla çıxara bildik. Hadisədən bir neçə gün sonar kəndə qayıtdıq, evlərimizi talan etmişdilər. Hadisələri Daşbulaq və Badara kəndinin sakinləri olan ermənilər törədiblər".
Zərərçəkən Teymur Salmanov Meşəli hadisələri vaxtı uşaq olduğunu bildirib: "Həmin vaxt 14 yaşım vardı. Səhər tezdən kəndimizi “Alazan”la vurdular. Hadisə vaxtı ayağımdan xəsarət almışam. Vaqif indi burda hər şeyi danır. Sizin Allahınız var? Uşaq, qoca demədən insanları yaraladınız, öldürdüz. 14 yaşında uşağı məhv elədiniz. Üzümüzə baxmağa necə də utanmırsan. Sizin vicdanınız varmı?”
O, Vaqif Xaçatryana ən ağır cəza verilməsini istəyib.
Zərərçəkən Ziba Mehrəliyeva isə bildirib ki, hadisələr baş verəndə 18 yaşı olub: "Səhər yatdığınız yerdə kəndə hücum çəkdilər. Evlərimizi, tayalarımızı yandırdılar. Zülm verdilər, kənddə camaatı diri-diri yandırdılar. Bunların hamısı bizim gözümüz qarşısında baş verdi. Meşəli hadisələrində kəndimizdən 25 nəfər şəhid oldu. Hadisələrin Badara kənd sakinləri olan Armais, Ernest, Armen və Vaqifin dəstələri tərəfindən törədildiyini camaatdan eşitmişəm".
Zərərçəkmiş Çərkəz Mehralıyev də deyib ki, Meşəli hadisələrində Vaqif Xaçartyan birbaşa iştirakçı olub:
"Hadisə günü Daşbulaq və Badara erməniləri kəndimizə hücum etdilər. Kəndi yandırdılar, kim qarşılarına çıxırdısa, vururdular. Anam, bacım, qızım xəsarət aldılar. Ayaqlarından vururdular ki, heç kim qaça bilməsin, əziyyətlə ölsün. Vaqif, qardaşı və digərləri bu hücumun təşkilatçısı olub. Onlar Qarabağı işğal etmək istəyirdilər. Dəfərlərlə onlarla mübahisəmiz olub. Biz deyirdik ki, Qarabağ Azərbaycanındır. Onlar isə kilsənin, torpaqların onların olduğunu iddia edirdilər".