Oğuzda minik avtomobili aşıb, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, xəsarət alanlardan 6-sı bir ailənin üzvüdür.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
37 yaşlı Aybəniz Sadıqovanın idarə etdiyi "Mercedes" markalı avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzadan sonra sürücü Aybəniz Sadıqova, avtomobildə olan sərnişinlər - sürücünün anası M. Balammədova, atası R. Balammədov, üç övladı və dayısı 65 yaşlı A. Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi yardım şöbəsinə yerləşdirliblər.
TƏBİB-dən verilən məlumata görə, Oğuz rayonu Kərimli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfər (2 kişi, 5 qadın) 25.08.2026-cı il tarixində saat 12:00 radələrində Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Qeyd edək ki, qəzaya düşən şəxslər Oğuzun Padar kənd sakinləridir. Onlar Rusiya Federasiyasında yaşayırlar. Oğuza isə bir müddət əvvəl yay tətilinə gəliblər.
Faktla bağlı araşdırma aparılır.