Prokurorluq Bakıda intihar edən şəxslə bağlı məlumat yayıb

Prokurorluq Bakıda intihar edən şəxslə bağlı məlumat yayıb
# 11 dekabr 2023 14:20 (UTC +04:00)

Bəzi media və sosial şəbəkə səhifələrində Zamanov İntiqam Binnət oğlunun intihar etməsi və əmlakının ələ keçirilməsi faktı üzrə qeyri-obyektiv araşdırma aparılmasına dair məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirilib ki, İntiqam Zamanovun özünü asaraq intihar etməsi faktı üzrə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hazırkı dövrədək aparılmış istintaqın gedişində toplanmış sübutlar əsasında müəyyən edilib ki, İntiqam Zamanov ailə münasibətləri zəminində qanunsuz hərəkətlər etdiyi üçün oğlu öz ailəsi ilə birgə başqa yerə köçüb, onu yeni evə qəbul etməyib və sonuncu müxtəlif ünvanlarda gecələdikdən sonra qanunsuz əməllərindən rüsvay olması nəticəsində əvvəllər yaşadığı, Binə qəsəbəsində yerləşən evə gələrək orada intihar etmişdir.

İstintaq tədbirləri ilə həmçinin, İntiqam Zamanovun ölümündən əvvəl yaşadığı evin qohumu Elman Zamanova məxsus olması, həmin evin mərhumun oğlu tərəfindən deyil, Elman Zamanov tərəfindən başqa şəxsə satılması müəyyən edilib.

Cinayət işi üzrə çoxsaylı şikayətlər etmiş ümumilikdə 18 nəfər şəxsin hər biri prokurorluq orqanlarında qəbul edilən zaman baş vermiş hadisədən və cinayət işindən məlumatsız olduqlarını, hər hansı dövlət orqanına müraciət etmədiklərini, eləcə də ərizələrdəki imzaların onlara məxsus olmadığını bildiriblər.

Bu müraciətlər araşdırılan zaman baş vermiş hadisədə maraqları olan, mərhumun bacısı oğlu Məhəbbət İsmayılov və digərləri tərəfindən istintaqa təzyiq göstərmək məqsədilə İntiqam Zamanovun ölümündə məhz oğlunun təqsirli olması barədə dövlət orqanlarına 18 nəfərin adından müxtəlif vaxtlarda qərəzli şikayətlər yazılması təsdiqini tapıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bundan başqa, ailə üzvlərinin şikayəti əsasında Suraxanı RPİ-də aparılmış araşdırma zamanı İntiqam Zamanovun ailə daxilində etdiyi qanunsuz hərəkətlər təsdiqini tapsa da, öldüyü üçün toplanmış material üzrə Cinayət Prosessual Məcəllənin 39.1.5-ci (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə) maddəsinə əsasən cinayət işinin başlanması rədd edilib:

"Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaq orqanı ilə dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR