Suriyada döyüşməkdə ittiham olunan 13 nəfərin məhkəməsi başlayıb

Suriyada döyüşməkdə ittiham olunan 13 nəfərin məhkəməsi başlayıb
# 07 dekabr 2023 11:27 (UTC +04:00)

Xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan Azərbaycan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 21-nə təyin edilib

Qeyd edək ki, bu ilin iyun ayında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı məlumatda deyilir ki, aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarından ibarət, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-leqal yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikdən sonra həmin dövlətin İdlib şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlərə cəlb olunaraq müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnib, “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş sabit qrupun üzvləri müəyyən olunmuş və barələrində beynəlxalq axtarış elan edilib.

Başlanılmış cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə yuxarıda qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan vətəndaşının - Abdullayev Şəmil Töhüd oğlu, Ağamətov Murad Əlibala oğlu, Quliyev Murad Firudin oğlu, Rüstəmov Fərhad İsə oğlu, Sultanov Sultan İdris oğlu, Hüseynov Nəcməddin Nəzir oğlu, Mahmudov Hikmət Sahib oğlu, Əliyev Mais Telman oğlu, İsmayılov İsmayıl Aydın oğlu, Babayev Şəhriyar Rahim oğlu, Muradov Hacı Arif oğlu, Baxışov Əlövsər Əlisafa oğlu və Əsədov İntiqam Şirin oğlunun xarici ölkə ərazisində gizləndikləri yerlər müəyyənləşdirilib və onlar beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində müvafiq tədbirlərlə saxlanılaraq Azərbaycana gətiriliblər.

Sözügedən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR