"Meşəli hadisələrində kimin əli var, Allah bəlasını verib, çoxu ölüb".
APA xəbər verir ki, bunu hazırda məhkəməsi keçirilən qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviç dövlət ittihamçısı, Baş prokurorun köməkçisi Müqəddəs Sultanovun suallarını cavablandıran zaman deyib.
O, hadisələr baş verəndə kənddə olmadığını açıqlayıb: “Sadəcə, Badara kəndində danışırdılar ki, Meşəlidə iki nəfər ölüb. Onlar Əvəz və arvadı idi. Kim hücumlarda iştirak edibsə, Allah onların canını alacaq. Onsuz da bir çoxu orada öldü, bəziləri də 2020-ci ildə üçtərəfli bəyanatdan sonra kənddən qaçıb getdi. Badara kəndindən 2020-ci ildə 220 nəfər getdi və geri qayıtmadı".