Bank Of Baku

Vaqif Xaçatryanın məhkəməsində zərərçəkənlər ifadə verib - VİDEO - YENİLƏNİB-6

Vaqif Xaçatryanın məhkəməsində zərərçəkənlər ifadə verib - VİDEO  - YENİLƏNİB-6
# 17 oktyabr 2023 17:02 (UTC +04:00)

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, prosesdə zərərçəkmiş şəxs qismində dindirilən Təmraz Məmmədov bildirib ki, Əsgəranda ermənilərin qətlə yetirdiyi sakinlərin meyitlərini yığıblar: "Orada bir qadını yandırmışdılar. Dedilər ki, Vaqif yandırıb. Mən Vaqifi hadisələr zamanı görmüşdüm. Ondan qabaq da Meşəlidə döyüşlər zamanı adını eşitmişdim. Laçın postunda saxlanılanda tanıdım, dedim ki, bu, Vaqifdir".

Zərərçəkən İbrahim Nurməmmədov isə deyib ki, Meşəli hadisələrində atılan ilk güllə atasına dəyib: "Atam, bibilərim, qayınatam, qayınanam, iki baldızımı, qaynımı öldürdülər. Ümumilikdə 9 ailə üzvüm şəhid olub. Hadisə günü şəhidləri, yaralıları ərazidən "Zil"markalı avtomobillə çıxarmışam. Bu Vaqifi çox yaxşl tanıyıram, bu da sürücü olub. Sürücülər bir-birini çox yaxşı tanıyırlar. Buna ömürlük cəza tələb edirəm".

Məhkəmə prosesi oktyabrın 18-də davam etdiriləcək.

***

14.54

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə fasilədən sonra davam etdirilir.

APA xəbər verir ki, fasilədən sonda prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Şakir Qonaqov dindirilib.

O bildirib ki, qardaşı Musa Qonaqov Meşəli kəndində şəhid olub: "Könüllü kimi oralarda xidmət edirdi. Hadisələr baş verəndən 3 gün sonra nəşi bizə verildi, həmin gecə dəfn elədik. Döyüş yoldaşları deyir ki, sona qədər vuruşub, son gülləsi ilə özünü öldürüb. Lakin nəşinin üstündə güllə izləri çox idi. Demək ki, şəhid olmuş qardaşımın nəşinə də güllə vurublar. Vaqif Xaçatryna ən ağır cəza verilsin. Güllələmək lazımdır. Bunlar Azərbaycanın çörəyini yeyiblər, qudurublar".

Daha sonra zərərçəkmiş Arzu Qasımova qeyd edib ki, hadisələr vaxtı 25 yaşı olub: "Allah bunların cəzasını versin, indi orada olanları danışmaq belə çətindir. Ağır cəza verin. Bunların körpələrimizə, qadınlarımıza yazığı gəlmədi. Meşəli hadisəsindən 3 gün əvvəl atam balaca bacımla məni Laçına aparıb qoymuşdu. Atam Meşəli hadisələrində şəhid olub, anam ağır yaralı olub. Yaralı halda anam meşənin içiylə gedib. Onun qanının izi ilə cammat yolu tapıb kənddən çıxmışdı".

Prosesdə zərərçəkən Süleyman Mahmudov da ifadə verib. O, Vaqif Xaçatryanın qardaşından danışıb: "Orada bizə səsgücləndirici ilə bunun qardaşı Aramis müraciət edirdi. Deyirdi ki, kəndi boşaldın, mühasirədəsiz. Lakin onlar hər tərəfi tuta bilməmişdi. Biz qocaları, qadınları, uşaqları yerbəyər edib, döyüşə girdik. Silah tapıb onlarla atışmağa başladıq. Bizi pulemyotla vurdular. Anam, bacımın uşağı, əmim oğlu, xalam oğlu şəhid oldu. Kənd camaatından eşitdim ki, hücum edən şəxslərdən biri Vaqif olub. Vaqif və vaqifkimilər yedikləri qaba tüpürənlərdir.

Bir şeyi anlamırdım ki, bunlar niyə belə etdilər? Normal yaşayırdıq, 1988-ci ildən sonar bunlar insanlıqdan çıxdılar".

Təqsirləndirilən şəxs bir daha hadisələr zamanı Meşəli kəndində olmadığını idda edib.

Zərərçəkən Sadiq Hacıyev isə bildirib ki, o vaxtlar cəmi bir dəfə Vaqifi görüb: "Mən hərbi xidmətdən yeni qayıdıb, polisdə işə düzəlmişdim. Hadisə günü yaralılar oldu. Biz təcili yardım maşını ilə Ramil Kazımovla çıxdıq. 2 kilometr yol getmisdik, “saxla” dedilər. Ramil dedi ki, bizə “saxla” əmrini verən Vaqifdir. Ramil maşını saxlayanda onu vurdular, yaralı halda maşını ərazidən çıxardı. Qabaqda sükana mən keçdim və onu Şuşaya qədər apardım. Ermənilərin özləri deyirdi ki, Ramilə atan Vaqif idi.

***

13.17

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə zərərçəkənlər ifadə verib.

APA xəbər verir ki, zərərçəkənlərdən biri Nemət Rəcəbov deyib ki, Meşəlidə polis əməkdaşı olub: "Bizim kəndi birinci “Alazan”la vurdular. İnanmazdıq Badara kəndindən bizə hücum eləsinlər. Bunlar ömür boyu Meşəli kəndinin camaatının çörəyini yeyiblər. Yedikləri çörəyə dəyər vermədilər. Ağsaqqallar belə qərar verdi ki, ilk olaraq qadın, qoca, uşaqları kənddən çıxarmaq lazımdır. Bunlar kəndin güneyini tutdular, amma qüzey tərəfindən biz qadın və uşaqların bir qismini çıxarmağa nail olduq. Kolxoz binasını da vurdular. Biz orda müqavimət göstərəməyə çalışdıq. Kənddən 28 nəfəri öldürdülər, meyitlərinə işgəncə verdilər. Yaralı halda qonşu kəndə çıxdıq. Oradan bizi helikopterlə Ağdamın xəstəxanasına gətirdilər".

O, Vaqif Xaçatryanın bu proseslərdə iştirakçı olduğunu bildirib: "Vaqif kəndə hücuma rəhbərlik edənlərdən olub. Ona ən ağır cəza tələb edirəm".

Prosesdə 14:30-a qədər fasilə elan edilib.

***

12.15

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin istintaqa verdiyi ifadə elan edilib.

APA xəbər verir ki, Vaqif Xaçatryan istintaqa verdiyi ifadəsində bildirib ki, 1955-ci ildə Əsgəran rayonunun Badara kəndində anadan olub. Həmin kənddə qeydiyyatda olmaqla yaşayıb, evlidir və üç qız övladı var.

Vaqif Xaçatryan 1973-cü ildə üç aylıq hərbi avtomobil məktəbini bitirdiyini deyib. O, 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub, sonra isə Xankəndi şəhərində aqrar-sənaye idarəsində sürücü işləməyə başlayıb. 1992-ci ilin sentyabr ayında Robert Koçaryan Qarabağ Komitəsinin rəhbəri olduqdan sonra, 50-55 yaşına qədər ermənilərin özünümüdafiə adı altında Stepanakert şəhər hərbi komissarlığından səfərbərliklə xidmətə çağırılıb.

Bununla əlaqədar Vaqif Xaçatryan 100-ə yaxın Badara kənd sakini ilə birlikdə hərbi komissarlığa gedib qeydiyyata düşüb və kəndə qayıtdıqdan sonra, hərbi xidmətə çağırılanlar hər qrupda 33 nəfər olmaqla, üç qrupa bölünüblər. Daha sonra isə o, hərbi komissarlığın hərbçiləri tərəfindən Əsgəran rayonunun Noragüh kəndinə aparılıb.

Orada onlara 5-10 gün müddətində silah doldurub boşaltmaq, həfəfə nişan alıb atəş açmaq və digər təlim məşqləri keçirilib. Təlimdən sonra isə 1992-ci ilin sentyabr ayının ortalarında Vaqif Xaçatryanın olduğu qrup Fərrux dağının yüksəkliyinə aparılıb oradakı postda xidmət aparmaları tapşırılıb. O, 7 gündən bir həmin posta çıxıb 7 gün xidmət apardığını bildirib.

V. Xaçatryan deyib ki, xidmətdə olduğu müddətdə Fərrux dağı ətrafında azərbaycanlılarla döyüş olmayıb, və o, həmin döyüşlərdə iştirak etməyib.

Bildirib ki, postda xidmət aparan zaman böyrəkləri və bağırsaqları soyuqladığına görə, 1992-ci ilin oktyabr ayının əvvəllərində Stepanakert şəhər xəstəxanasına gətirilib və orada təxminən 20 gün müalicə olunub. Sonra xəstəliyi ilə bağlı xidmətdən tərxis olunub. Mülki şəxs kimi arxa təminat xidmətində, Əsgəran rayonunun Noragüh kəndində yerləşən ərzaq anbarında fəhlə kimi işləməyə başlayıb.

1994-cü ilin iyun ayında müharibə qurtardıqdan sonra Vaqif Xaçatryan hamin işdən çıxıb və Badara kəndində təsərrüfatı ilə məşğul olmağa başlayıb.

Təqsiləndirilən şəxs məhkəmədə Fərrux dağında postda xidmət etdiyi təsdiq edib: "Biz o vaxt özümüzü azərbaycanılardan müdafiə etmək üçün orada postda xidmət edirdik. Hərbi Komisarlıq tərəfindən bizə silah verilmişdi".

***

11.29

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin növbəti məhkəmə prosesi keçirilir.

APA xəbər verir ki, prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

Vaqif Xaçatryan sərbəst ifadəsində ittihamları qəbul etməyib. O bildirib ki, orada yaşayan azərbaycanlıların hamısı ona yaxın adam olub.

Xaçatryan Xocalının Badara kəndində yaşadığını, sürücü işlədiyini qeyd edib. O, 1988-1992-ci illərdə keçirilən heç bir əməliyyatda iştirak etmədiyini iddia edib.

***

10:29

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin növbəti məhkəmə prosesi keçirilir.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçatryan vəkili Natiq Bəybalayevdən imtina edib.

Dövlət hesabına Radmila Abılova yeni vəkil kimi dəvət edilib.

Vaqif Xaçatryan yeni vəkilinin hüquqi yardımından istifadə edəcək.

***

10.12

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin növbəti məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edir.

Prosesdə təqsirləndirilən və zərərçəkmiş şəxslərə yenidən hüquqları izah olunur.

***

08.48

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün növbəti məhkəmə prosesi keçiriləcək.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bu gün prosesdə məhkəmə istintaqın açıq elan olunacağı və prokurorun ittiham aktını elan edəcəyi gözlənilir.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR