Deputatlar hərbi qanunvericiliyə dəyişikliklə bağlı narahatlıq yaradan məqamları açıqlayıblar

Deputatlar hərbi qanunvericiliyə dəyişikliklə bağlı narahatlıq yaradan məqamları açıqlayıblar
# 05 dekabr 2023 13:58 (UTC +04:00)

“Ordunun vəziyyətini yaxşılaşdıran və hüquqlarını genişləndirən hər bir addım yaxşı qarşılanmalıdır. Bu hüquqlar ya artırılmalıdır, ya da mövcud hüquqlara toxunulmamalıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, insanlar hərbiyə iki halda yönəlirlər: “Ya başqa sahədə iş tapa bilməyənlər, ya da ailədən hərbçi olanlar bu sahəni seçirlər. Birincilər könüllülükdən yox, bəzən məcburiyyətdən, maaş üçün gedirlər. Ona görə də hərbi xidmətin 25 ilə qaldırılması bəziləri üçün yaxşı qərar deyil. Türkiyədə rotasiya qaydasında olduğu üçün hərbçilər döyüş bölgəsində də, digər bölgələrdə də xidmət edir. Bizdə belə deyil. Bizdə bu qərar Bakıda xidmət edənə çətin deyil, amma döyüş bölgəsində olan üçün çətindir. Qadınların hərbi xidmət yaşının ləğvi isə məntiqsizdir. Necə olur ki, biz qadınların pensiya yaşını bərabərləşdirmirik, amma bunu gender bərabərliyinə görə bərabərləşdiririk. Hərbçinin təhsil, oxumaq hüququ ilə bağlı anlaşmazlıqlar var. Bizim dissertasiyalarla bağlı problem də qalır. Hüquq-mühafizə orqanlarında çalışanın başqa sahədə dissertasiya müdafiə etməsinə icazə verilmir, bu insan hüquqlarının pozulmasıdır. Könüllü xidməti də 5 ildən 10 ilə qaldırırlar. Bu zaman 10 il xidmət edənlər üçün elə güzəşt, imtiyazlar müəyyən edilməlidir ki, onlar könüllü xidmət etsin, məcburi yox. Hərbçilərin uşaqlarının təhsili natamam, ailə problemləri böyük olur. Çünki kimsə şəhərdən rayona getmək istəmir, ya başqa problemlər yaranır. Ona görə də bütün problemlər diqqətlə araşdırılmalıdır”.

Deputat Razi Nurullayev bildirib ki, hərbi xidmət müddətinin 20 ildən 25 ilə qaldırılması hərbiçilər arasında müəyyən narahatlıq yaradıb: “Təklif edirəm ki, 5 il bir dəfəyə tətbiq edilməsin. Ən azından yaşa görə əmək pensiyasına tətbiq edilən düstur tətbiq edilsin və bu müddət hər il 6 ay artırılmaqla həyata keçirilsin. Hərbçilərin köhnədən qalan problemləri var və istəməzdik ki, yeni problemlər də əlavə edilsin”.

Deputat nəzərə çatdırıb ki, müharibə dövründə qismən səfərbərliklə döyüşmək üçün orduya çağırılmış əsgər və zabitlərimiz müharibədən sonrakı aylarda da xidmətlərini davam etdirib, işğaldan azad edilmiş ərazilərimizdə anti-terror əməliyyatlarına cəlb edilib, bəzi rayonların müdafiə və mühafizəsində iştirak edib: “Mənə müraciət etmiş zabitlərin və əsgərlərin hərbi biletlərini nəzərdən keçirəndə aydın olur ki, bu zabitlər Müdafiə Nazirliyinin şəxsi heyətinə daxil edilib, təyinat aldıqları hərbi hissələrdə döyüş tapşırıqları alıb, rayonlarımızın işğaldan azad olunmasında, əsgərlərin yüksək döyüş hazırlığının təmin olunmasında, şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamının möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində, eləcə də maddi-texniki təminatın təmin olunmasında yaxından iştirak edib. Bu zabitlərin göstərdikləri xidmətin “mənəvi-psixoloji təminat, maddi-texniki təminat” kriteriyalarına uyğun olmasına baxmayaraq, Müdafiə Nazirliyi müharibə başa çatandan sonra özünün imzaladığı 04.03.2021-ci il tarixli əmri ilə bəzi hərbi hissələri “tamamlama mərkəzi” adlandırdığından həmin hərbi hissələrdə xidmət etmiş hərbi qulluqçulara müharibə veteranı adının verilməsi faktiki olaraq mümkünsüz olub. Halbuki hərbi sahədə olan qanunvericilik aktlarında “tamamlama” termini barədə bir kəlmə belə yoxdur. Yəni bu hərbi hissələr döyüşən hərbi hissələrin təminatı üçün yaradılıb, hətta döyüş əməliyyatları üçün vəzifəyə təyin olunub. Bir faktı da qeyd edim ki, zabitlərin arasında səfərbərliklə çağırılıb tibbi təminat göstərən həkim-zabitlər də veteran adını ala bilməyib”. Nəhayət, “Veteranlar haqqında” qanun günümüzün reallıqlarını əks etdirmir, ona görə də təkmilləşdirilməlidir”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev qeyd edib ki, dünyanın hər yerində ordu elitar təbəqə sayılır, bu, bizdə də belədir: “Qalib ordunun zabitlərinin sosial hüquqlarının bu formada məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin təqdim olunması mənim üçün anlaşılmaz oldu. Dünyada 35 yaşdan yuxarı peşəkar idmançı göstərin. Bu, təsadüf nəticəsində var. Çünki insan yaşlandıqca çevikliyi azalır. Biz Şuşa azad olunanda onların necə çətin şəraitdə xidmət etdiyini gördük. Bu layihəni təqdim edənlər demir ki, biz onların xidmətini artırmaqla onların mənzil almaq hüququnu da məhdudlaşdırırıq. Çünki hərbçilər 20 il xidmətdən sonra mənzil sahibi ola bilirdi. İndi bu hüquq da saxlanmadan onların xidməti 25 ilə qaldırılır. Bu, hərbçilərin sosial hüquqlarının məhdudlaşdırılmasıdır. Yeni layihə hərbçilər arasında da yaxşı qarşılanmır. Bu məsələ gündəmdən çıxarılmalıdır. İnsanlar 20 ilə qədər xidmət etmək üçün müqavilə bağlayırdı, sonda isə mənzil əldə etmək hüququ əldə edirdilər. İndiyədək müqaviləni imzalamış şəxslərin bu hüququ saxlanılmalıdır. Azərbaycanda artıq peşəkar orduya keçməyin vaxtı çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR